Dövlət Gömrük Komitəsi (DGK) külli miqdarda qızıl-zinət
əşyalarının qanunsuz olaraq gömrük sərhədindən keçirilməsinin
qarşısını alıb.
Trendxəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Qeyd edilib ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş
Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda
gəmi nəqliyyat vasitəsi ilə Qazaxıstana gedən Azərbaycan
vətəndaşının müşayiət olunan əl baqajlarına “X-Ray” rentgen
qurğusunda baxış keçirilib. Baxış zamanı monitorda şübhəli cizgilər
müşahidə olunduğundan əl baqajında yoxlama aparılıb və çantalardan
birindəki çoxfunksiyalı radioqəbuledicinin içərisindən yapışqanlı
lentlə bir-birinə bərkidilmiş 8 ədəd bükülü aşkar edilib.
Keçirilən gömrük baxışı nəticəsində həmin bükülülərdən gömrük
orqanına bəyan olunmayan, gömrük nəzarətindən gizlədilən 172,56
qram qızıl-zinət əşyaları – 13 ədəd üzük və 13 cüt sırğa aşkar
olunub.
Faktla bağlı araşdırma aparılır.