“Qızıl top”un Rodriyə qismət olması maraqlı məqamdır. Çünki hamı Vinisius Junior və ya “Real Madrid”dən kiminsə bu mükafata layiq görüləcəyini gözləyirdi.
Bu sözləri AzerTimes-a açıqlamasında idman eksperti Kənan Məstəliyev “Qızıl top” mükafatının Rodriyə verilməsi ilə bağlı danışarkən deyib.
Ekspert bildirib ki, mükafatın Rodriyə verilməsində qeyri-adi nəsə görmür:
“Bəli, Vinisius Junior mövsümdə kifayət qədər uğur qazanıb. Amma “Qızıl top”un qalibini elan edənlər üçün titullar, xüsusi ilə də milli komandanın titulu daha ön plandadır. Avropa və dünya çempionatları olan illərdə çempion olmuş komandadan kimisə seçirlər. Bu, normal bir tendensiyadır. Rodriyə baxanda Vinisius Juniorun aktivində Çempionlar Liqası da var. Amma tək bu meyarla “Qızıl top”un verilməsi də birmənalı qəbul olunmaya bilər. Rodri çox istedadlı, hərtərəfli futbolçudur. “Mançester Siti” kimi nəhəng bir komanda oyunu onun üzərində qurur. Rodri həm klubunda, həm də yığmada komandanın mühərriklərindəndir.
Mənə görə isə “Qızıl top” Dani Karvaxala verilsəydi, daha yaxşı olardı. Çünki Dani Karvaxal həm Çempionlar Liqasının, həm də Avropa Çempionatının qalibi olmuş yeganə futbolçudur. Titul baxımından Dani Karvaxal buna uyğun gəlir. Sadəcə, Karvaxal ulduz olmadığına, önə çıxmadığına görə ikinci planda qalır”.
Məstəliyev qeyd edib ki, “Qızıl top”un nüfuzu çoxdan zədələnib:
“Qızıl top”u əvvəlki qədər ciddiyə almaq da olmur. Çünki Ronaldo və Messi dövründə bu mükafatın yerli-yersiz, xüsusilə Messiyə uğuru olmayan vaxtlarda belə verilməsi bu mükafata olan inamı, etibarı, güvəni zədələyib. Müxtəlif fikirlərin olması öz yerində, amma əvvəlki illərə baxanda “Qızıl top”un sahibləri haqda fikir yürütmək indi daha çətindir”.