Rejissor Kristofer Nolan “Oppenhaymer” filminə görə “Qızıl Qlobus” mükafatını alıb. Onun filmi “ən yaxşı dramatik film” nominasiyasında mükafata layiq görülüb.
AzerTimes xəbər verir ki, mükafat Los-Ancelesdə keçirilən 81-ci “Qızıl Qlobus” mərasimində təqdim olunub.
Filmdə baş rolu canlandıran Killian Mörfi “ən yaxşı aktyor”, kiçik Robert Dauni isə “ən yaxşı ikinci plan aktyoru” adını qazanıb.
“Barbi” filmi kinomatoqrafiya sahəsindəki naliyyətlərinə və ən çox gəlir gətirən film kimi mükafatlandırılıb.
Emma Stoun “Kasıb bədbəxtlər” filmindəki baş roluna görə komediya/musiqili kateqoriyasında “ən yaxşı qadın rolu” tituluna layiq görülüb.
“Tac” filmində Şahzadə Diana rolunu oynayan Elizabet Debiki “ən yaxşı ikinci plan qadın rolu” nominasiyasında “Qızıl Qlobus” mükafatı əldə edib.
Castin Triye və Artur Harari “Enişin anatomiyası” filminə görə “ən yaxşı ssenari” nominasiyasında “Qızıl Qlobus”u qazanıblar. Bundan əlavə, film “ingilis dilində olmayan ən yaxşı film” nominasiyasında “Qızıl Qlobus” mükafatını qazanıb.
Yapon rejissoru Hayao Miyazakinin son cizgi filmi “Oğlan və quş” “ən yaxşı cizgi filmi” nominasiyasında mükafata layiq görülüb.
Ceremi Allen Uayt “Ayı” serialındakı roluna görə “ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus”u qazanıb.
Lili Qladstoun isə “Bədrlənmiş ay qatilləri” filmindəki obrazına görə “ən yaxşı dramatik aktrisa” kimi tanınıb.