Qız Qalası Autizm Məlumatlandırma Günü çərçivəsində mavi işıqla işıqlandırılacaq

Qız Qalası Autizm Məlumatlandırma Günü çərçivəsində mavi işıqla
işıqlandırılacaq.

Trend xəbər verir ki, “Mavi işıqla işıqlandır” (“Light It Up
Blue”) layihəsində məqsəd autizmli uşaqların və onların ailələrinin
problemlərini cəmiyyətin diqqətinə çatdırmaqdır.

Qeyd edək ki, 2008-ci ildən başlayaraq hər il aprelin 2-də Dünya
Autizm Məlumatlandırma Günü qeyd edilir. Bu barədə BMT Baş Məclisi
2007-ci il dekabrın 18-də qətnamə qəbul edib. 2010-cu ildən isə
ABŞ-ın “Autizm Speaks” təşkilatı tərəfindən həyata keçirilməyə
başlayan “Mavi işıqla işıqlandır” layihəsi bu günün önəm və
mahiyyətini simvolizə edir, bütün dünyanın diqqətini autizmdən
əziyyət çəkən uşaqlara yönəldir. “Mavi işıqla işıqlandır” layihəsi
indiyədək dünyanın 136 ölkəsində 600-dən çox şəhərdə tarix və
memarlıq abidələrinin üzərində həyata keçirilib.

2012-ci ildə Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə
“Mavi işıqla işıqlandır” aksiyasını həyata keçirmək üçün Bakı ilk
dəfə dünyanın digər şəhərlərinə qoşulub. Artıq onuncu ildir ki,
həyata keçirilən “Mavi işıqla işıqlandır” aksiyası autizm xəstəliyi
haqqında insanların məlumatını artırmağa yönəldilmiş qlobal
təşəbbüsdür. Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz
dəstəklərini göstərmək üçün şəhərlərinin ən nəzərə çarpan
binalarının birini və ya bir neçəsini mavi işıqla işıqlandırır.

Teqlər: