İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hökumətə “Qiymət İzləmə Tətbiqi”nin əsas prinsiplərinə dair metodoloji çərçivə sənədi təqdim edib və bu istiqamətdə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması məqsədəuyğun hesab olunub.
Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, bununla bağlı qərar “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclasında qəbul edilib.
İclasda ərzaq məhsulları qrupunda ən çox qiymət artımı müşahidə edilən məhsullar üzrə bazar araşdırılması, istehsal qiymətləri ilə pərakəndə satış qiymətləri arasında fərqlərin yaranma səbəbləri, istehlak qiymətləri indeksinin hesablanmasında istifadə olunan təmsilçi məhsullar üzrə idxalda təmərküzləşmə səviyyəsi, kənd təsərrüfatı məhsullarının satışı və dərman vasitələri bazarında aparılan rəqabət təhlillərinin nəticələri, idxal və yerli istehsal məhsulu əsasında təchizat zənciri boyunca formalaşan xərclər və antiinflyasiya xarakterli pul siyasəti barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Azərbaycan Mərkəzi Bankının gördüyü işlərə dair məlumat verilib.