2021.10.19
Şəhid olmamışdan bir gün qabaq, təsadüfən görüşdük. Bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyimiz günlər idi. O, müharibənin ən qaynar nöqtəsindən qayıdırdı. Siqaret çəkirdi, yaxınlaşdım, mənə də verdi. Bir söz belə danışmadan, bir-birimizə baxırdıq. Gecə yenidən qayıdacaqdı. Bunu bilirdik. çünki yaralılara kömək lazım idi.
Sükütu pozub “Qayıdacaqsan” soruşdum. Çox fikirli idi. Cavab vermədi. İkinci dəfə soruşdum. Dedim, “Sən Allah ehtiyatlı ol, körpələrin var”.
Gülümsədi.
O, burda çoxundan yaşda böyük idi, hamımız ona arxa, dayaq, böyük qardaş kimi baxırdıq…
– Qismət olsa, şəhid olacam, – dedi.
– Ay kişi, elə demə!..
Mənimlə qucaqlaşdı. Çox narahat oldum. Elə bil nəsə hiss edirdi…
Maşına minəndə yaxınlaşdım onlara, yanında olan cavan həkimlərə dedim ki, Abdullayevdən muğayət olun. Ordakı həkimlərdən biri dedi ki, Abdullayevin özü bizdən muğayət olur, narahat olma.
Getdilər…
Səhəri gün onunla gedən həkimlərdən biri cəbhə xəttindən şəhid gətirmişdi. Yaxınlaşdım onların maşınına tərəf. “Sanitarkadan” şəhidi çıxardırdılar. Dedim kimdir? Əlləri əsirdi o cavan həkimlərin. Cavab vermədilər. Birdən hönkürtü ilə ağlayaraq dedi “Muğayət ola bilmədik… Abdullayev şəhid oldu”.
Dizlərim əsdi. Sonuncu dəfə qucaqladım onu…
Bu sözləri hərbi həkim, Azərbaycan Silahlı Qüvvələrinin giziri Eldar Firuddin oğlu Abdullayev haqqında əsgər yoldaşı Əli Abdulla sosial şəbəkədə yazıb.
Məhz bu gün, bir il bundan öncə Eldar şəhid olur.
38 yaşlı Eldar həkim müharibənin ilk günündən ön cəbhədə idi. Döyüşlərin ən qızğın nöqtələrində yaralanmış hərbçilərimizi ölümdən qaytarıb, onlara ilkin yardım göstərirdi.
Yanında olan dostlarının sözlərinə görə, Eldar günlərlə yatmırdı, daim iş başında idi.
“Döyüşlərdən birində bizim strateji nöqtəmizə mərmi düşdü. Orada qırxa yaxın əsgər və zabitimiz var idi. Onların çoxu hələ sağ idi, biz onların iniltilərini, ağrıdan çığırdıqlarını eşidirdik. Amma onlara yaxınlaşmaq olmurdu. Əraziyə erməni snayperçi qızlar tam olaraq nəzərət edirdi. Eldarın cəsur olduğunu hamımız bilirdik, amma bu dərəcədə gözləmirdik. O, gizlin-gizlin həmin ərazini keçə bildi. Hər qayıdanda bir nəfər yaralı əsgər yoldaşımızı sürüyüb gətirirdi. 10-cu əsgəri gətirəndə artıq o yaralanmışdı, amma biz onu saxlaya bilmədik. Eldar bizə dedi ki, onların səsini eşidə-eşidə burada sakit dura bilməz. Biz dedik, gözləyək, kömək gəlsin. Amma Eldar həkim idi, o bilirdi ki, o yaralılar üçün hər dəqiqə qiymətlidir”, – dostu danışır.
Eldarın bu gedişi sonuncu olur. Snayper istədiyinə çatır…
Eldarın 2 qızı və üçüncü uşağa hamilə yoldaşı bizə əmanət qaldı…
2020-ci ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin baş giziri Eldar Firuddin oğlu Abdullayev “Vətən uğrunda” medalı ilə təltif olundu.
1 fevral 2021-ci ildə Eldarın üçüncü qız övladı dünyaya göz açdı.
Allah şəhidlərimizə rəhmət eləsin!