“Qisas”ın hədəfi: Bakı “hazıram” dedi – Türkiyədən baxış

“Qisas”ın hədəfi: Bakı “hazıram” dedi – Türkiyədən baxış

Türkiyənin Yıldız Texnik Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müəllimi, professor Mehmet Akif Okurun AzerTimes-a müsahibəsi:

– Mehmet Akif bəy, həm birbaşa ikitərəfli, həm üçtərəfli, həm AB çərçivəsində danışıqların aparıldığı, Türkiyə və Ermənistanın münasibətlərinin normallaşmasından bəhs edildiyi dövrdə sizcə Qarabağda son təxribatın səbəbi nədir?

– Azərbaycanın geosiyasi önəmi getdikcə daha çox artır. Çünki AB çox qısa zamanda qaz tədarükünü artırmalıdır. Qazaxıstan neftinin Avropaya göndərilməsinin yeni marşrutu da Azərbaycandan keçir. Digər tərəfdən bölgəyə diqqət çəkən səfərlər oldu. Bunlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Vilyam Börnsün və Rusiya Təhlükəsizlik Şurası katibi Sergey Narışkinin İrəvana səfərləridir. Bütün bunlar Ermənistanın Şərq və Qərb arasında olan mübarizənin içərisində olduğunu bizə göstərir. Ermənistanın daxilində müxalifət çox böyük uğur qazanmasa da, Paşinyana qarşı kütləvi mitinqlər təşkil etdi. Ermənistanın daxilində öz mənfəətləri üçün müharibənin başlamasını istəyən güclər var. Onlar ordu üzərindən də hökumətə təzyiq göstərmək istədilər. Qarabağda hazırda Ermənistan ordusunun oradan çəkilməsini istəməyən silahlı quldur dəstələri, separatçı tör-töküntülər mövcuddur. Digər tərəfdən ölkə içində ordu və separatçılarla əlaqələri olan qruplar da prosesi əngəlləmək üçün təxribatları təşkil edə bilər. Əlbəttə, bu durum Rusiyanın da işinə yarayır. Çünki problem həll edilsə, sülhməramlıların Qarabağda qalmasına ehtiyac olmayacaq və Moskvanın bölgədə təsiri azalacaq. Qarabağ Azərbaycanın ərazisidir, problemlər həll olunduqdan sonra ora Azərbaycan Ordusu, polisi daxil olmalı və digər bölgələrdə olduğu kimi hüquqauyğun işlər görülməlidir. İkincisi də əgər Ermənistan mövcud reallığı qəbul etsə, birinci Türkiyə və Azərbaycanla iqtisadi baxımından yaxınlaşacaq, sonra dünya iqtisadiyyatına inteqrasiya olacaq. Nəticədə İrəvanın Moskvadan asılılığı azalacaq. Bütün bu səbəblər yaxın gələcəkdə Cənubi Qafqazda qüvvələr balansının dəyişəcəyi ehtimalını artırır. Ermənistan prosesi vaxt qazanmaq üçün uzatmaq istəyir. Bu vaxt içərisində məhv edilmiş ordunu yenidən qurmaq, komplektləşdirmək niyyətindədir. Amma döyüş meydanı bizə Ermənistanın belə bir qüdrətinin olmadığını göstərir.

– Azərbaycan Silahlı Qüvvələri rus sülhməramlılarının arxasında gizlənən erməni terrorçularına qarşı “Qisas” əməliyyatını gerçəkləşdirdi. Sizcə, Bakı bununla hansı mesajı verdi?

– Azərbaycan keçirdiyi “Qisas” əməliyyatı ilə verilən sözlər və imzalanan bəyannamələrin şərtləri yerinə yetirilməyəcəyi halda beynəlxalq hüquqa uyğun şəkildə təşəbbüsü ələ alaraq, bunları özünün təmin edəcək gücdə olduğunu göstərir. Rəsmi Bakı 10 noyabr bəyannaməsinin və sonra imzalanan bəyannamələrin şərtlərinin, Rusiya və Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir. Əsas şərtlərdən biri Ermənistan ordu birləşmələri və separatçı silahlı ünsürlərin Qarabağı tərk etməsidir. Əgər bu, yerinə yetirilmirsə, rus sülhməramlıların orada olmasının heç bir mənası yoxdur. Separatçı-terrorçu dəstələr Qarabağda qalmaqda davam edir, nəqliyyat dəhlizləri açılmalı idi, hələ ki, bu da yerinə yetirilməyib. Şuşa Vətən müharibəsinin rəmzi olan şəhərdir. Şuşadan keçən yola alternativ yol çəkiləcəkdi və ermənilər bu yoldan istifadə edəcəkdi. Yəni Laçın dəhlizinə alternativ yol çəkilməli idi. Lakin ortalıqda bir nəticə yoxdur. Azərbaycan Rusiya və Ermənistandan üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyi qətiyyətlə tələb edir. Öhdəliklərin yerinə yetirilməməsi müharibəyə yenidən dönüş deməkdir. Azərbaycan “Qisas” əməliyyatı ilə buna hazır olduğunu göstərdi, eyni zamanda “Bayraqdar”dan yenidən istifadə etməklə Türkiyə ilə ittifaqına işarə etdi.

Teqlər: