10 noyabr 2022-ci ilə qədər Ermənistanın bütün qanunsuz silahlı birləşmələri və Ermənistan ordusunun bölmələri tam tərkibdə Azərbaycanın Qarabağ bölgəsini tərk etməlidir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, erməni qanunsuz silahlı birləşmələrinin Azərbaycanın Qarabağ iqtisadi zonasında yerləşməsi daimi qeyri-stabillik, provokasiya və diversiya mənbəyidir – bu haqda ilk dəfə deyil ki, danışıram:
“Bu qeyri-qanuni silahlı birləşmələr Nikol Paşinyanın imzası olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda onların çıxarılması ilə bağlı açıq şəkildə nəzərdə tutulan öhdəliklərə zidd olaraq separatçıların nəzarətində olan ərazidə qalır.
Bundan başqa, bir qədər əvvəl rəsmi İrəvan da etiraf etdi ki, qeyri-qanuni silahlı birləşmələrlə yanaşı, Qarabağdakı separatçı rejimi Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti də müdafiə edir – bununla da Azərbaycan ərazisində erməni işğalçı kontingentinin olması rəsmən təsdiqlənir – yenə də Paşinyan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri pozur.
Erməni silahlılarının növbəti təxribatı Azərbaycan Ordusunun əsgərinin ölümü ilə nəticələndi. Azərbaycan Müdafiə Nazirliyinin buna cavabı tamamilə qanunauyğun oldu – qisas qərarı verildi.
İndi erməni separatçıların bəzi nümayəndələri “sülhməramlılar” adı altında regiona ABŞ və Fransa hərbi kontingentlərinin yeridilməsinə çağırışlar edirlər. Təbii ki, Rusiya və Azərbaycan buna imkan verməyəcək.
27 sentyabrda İkinci Qarabağ müharibəsinin başlamasının ikinci ildönümü olacaq. Bu tarix Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın Qarabağ bölgəsindən praktiki olaraq çıxarılmasının başlanması ilə əlamətdar olmalıdır – elə bir hesablama ilə və elə templə ki, 2022-ci il noyabrın 10-dək orada onlardan heç kim qalmasın. Bu, çoxdan gözlənilən və davamlı sülhün nəhayət regiona gəlməsi üçün əsas şərtdir”.