Qisas əməliyyatı: Daha sərt cavab ola bilər… – Ekspert

Qisas əməliyyatı: Daha sərt cavab ola bilər… – Ekspert

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribata qətiyyətli qisas əməliyyat ilə cavab verdi. Ermənistan siyasi-hərbi rəhbərliyi tam əmin olmalıdır ki, heç bir Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Ali Bas Komandan dəfələrlə bəyan edib ki, düşmən təxribatlari heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq.

Bu sözləri AzerTimes-a Ermənistan ordusu tərəfindən Zəngilan istiqamətində Dövlət Sərhəd Xidmətinin əsgərinin yaralanmasına görə qisas əməliyyatı keçirməsini şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, düşmən qisas əməliyyatı ilə layiqli cəzasını alıb:

“Azərbaycan dəfələrlə Ermənistanın təxribatına cavab olaraq qisas əməliyyatları həyata keçirib. Bu əməliyyat, adından da göründüyü kimi, düşmənin təxribatlarına cavab addımı olaraq həyata keçirilir və onları gələcək təxribatlardan çəkindirmək məqsədi daşıyır. Təxribatın baş verdiyi Zəngilan rayonun Kolluqışlaq istiqamətindəki mövqeylərimiz kifayət qədər əlverişli yerdə yerləşir. Kifayət qədər yüksəklikdən ermənilərin Nerkin Hand, Qafan rayonu istiqamətindəki mövqelərini demək olar ki, tamamilə müşahidə altında saxlayırıq. Hazırda da vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır”.

Hərbi ekspert bildirib ki, Ermənistan Avropa Birliyi missiyasının da hazırlanmasında iştirak etdiyi təxribatlardan əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələrinin cavabı daha sərt ola bilər:

“Düşmənin təxribat törətdiyi hər bir döyüş mövqeyi aşkar ediləcək, zərurət yaranarsa, həmin mövqelərdə Azərbaycan əsgəri və bayrağımız yerləşdiriləcək. Hazırda təxribat törədilən düşmən mövqeyi dağıdılıb, fərari ordusunun canlı qüvvəsi itkilərə məruz qalıb. Baş verən bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və bu təxribatları təşkil edən AB missiyasının tərkibində fəaliyyət göstərən nümayəndələrin üzərinə düşür. AB missiyası hadisəyə reaksiya vermək, təxribatı qınamaq əvəzinə, ərazini tərk etməklə işini bitmiş hesab edir. Ermənistan birdəfəlik anlamalıdır ki, heç bir qüvvə onun arxasında dayana bilməyəcək. Nə Ermənistan, nə də onun havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə biləcək. Buna görə də Paşinyan siyasi avantüralardan əl çəkməlidir. Əks halda Ermənistan daha ağrılı nəticələr əldə edəcək”.

Teqlər: