Məlumat verdiyimiz kimi, Kapital Bank və “Qırmızı Ürəklər” (“Red
Hearts”) Fondu 2021-ci ildə Daun sindromlu şəxslər üçün “Hər şey
mümkündür!” adlı sosial layihə həyata keçirib. Layihənin əsas
məqsədi diqqətdən kənarda qalan bu insanların cəmiyyətdə aktiv
iştirakını təmin etmək olub.
Layihə çərçivəsində aztəminatlı ailələrin himayəsində olan daun
sindromlu uşaqlar üçün müxtəlif istiqamətlər (rəsm, rəqs,
kulinariya, keramika, qurama sənəti, ippoterapiya və s.) üzrə
master-klaslar həyata keçirilib. 2022-ci ilin mart ayının 21-i,
Ümumdünya Daun Sindromlu İnsanlar Günü ərəfəsində layihənin davamı
olaraq daha bir neçə tədbir həyata keçirilib.
Bu dəfə “Günəş uşaqlar” adlandırılan Daun sindromlu uşaqlar üçün
layihənin tərəfdaşları olan “Kinderland” əyləncə mərkəzində və “İL
Patio” restoranında müxtəlif növ fəaliyyətlər və master-klaslar
təşkil edilib. Uşaqlar müxtəlif peşə sahibləri – həkim,
yanğınsöndürən, polis, pilot, aşpaz, alim, aktyor, stilist, hotel
əməkdaşı, turizm agenti və s. rollarda çıxış edərək həm əyləndilər,
həm də bu fəaliyyət sahələri barədə maraqlı məlumatlar əldə
etdilər. Layihənin əsas məqsədi gerçək həyat təcrübəsi qazandırmaq
və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək
olmaqdır.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın
könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi
fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə,
sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil
olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları
və digər maraqlı məlumatları əldə etmək olar.