“Qırmızı kitab”a düşən bitkilərin məhv edilməsi ilə bağlı 10 cinayət işi başlandı

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf
mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması,
aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli
qurumlarla birgə fəaliyyəti davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata
görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji
Təhlükəsizlik əməkdaşlarının iştirakı ilə Baş Prokurorluğun Cinayət
təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma
nəticəsində Bakı şəhərinin Qaradağ, Masallı, Cəlilabad, Ağcabədi,
İmişli, Sabirabad, Füzuli, Lerik rayonları, Gəncə və Sumqayıt
şəhərləri ərazilərində, o cümlədən milli parkların ərazilərində
qanunsuz ağackəsmə, qanunsuz balıq ovu, Azərbaycan Respublikasının
“Qırmızı kitabı”na daxil edilmiş bitkilərin kəsilməsi, meşə
ərazisində sekvester edilmiş ağacların vəzifəli şəxslər tərəfindən
mənimsənilməsi, o cümlədən milli qoruqların mühafizə rejimlərinin
pozulması faktlarına görə 10 cinayət işi başlanılıb.

Dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin
bələdiyyələrin mülkiyyətində olan ağac və digər qorunan bitkilərin
kəsilməsi nəticəsində 35 min manat məbləğində ziyan dəymişdir.
Şəhər mühitində bitmiş və qeyri-maddi dəyəri ölçülməyən çoxilli
ağacın qanunsuz götürülməsi faktı müəyyən edilmişdir.

Cinayət işləri Cinayət Məcəlləsinin 256.3, 259.1, 308.1-ci və digər
maddələri ilə başlanılaraq istintaqın aparılması üçün əsasən rayon
prokurorluqları, həmçinin daxili işlər orqanlarının istintaq
bölmələrinə göndərilmişdir.

Teqlər: