Qırğızıstan-Tacikistan sərhədində sərhədçilər arasında növbəti atışma baş verib

2022-ci il martın 11-də yerli vaxtla saat 02:50-də
Qırğızıstan-Tacikistan dövlət sərhədinin ərazisində Qırğızıstan və
Tacikistan sərhədçiləri arasında növbəti atışma olub.

AzerTimes-ın
məlumatına görə, bu barədə Qırğızıstan Respublikası Milli
Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti
bildirib.

Məlumata əsasən, Batken-İsfana avtomobil yolunun Batken
rayonunun Eki-Taş ərazisindəki hissəsində Tacikistan sərhəd naryadı
magistral yoldan keçən avtomobillərə daş atmağa başlayıb.

Tacikistanın sərhədçiləri Qırğızıstan Milli Təhlükəsizlik Dövlət
Komitəsinin sərhəd dəstəsinin avtomobillərə daş atmağı dayandırmaq
tələbinə məhəl qoymayıblar. Qırğızıstan sərhədçiləri Tacikistan
hərbçilərinin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün havaya
xəbərdarlıq atəşi açmağa məcbur olublar.

Bu zaman Tacikistanın bu ərazidə xidmət edən digər sərhəd
dəstəsi qırğız sərhədçilərinin olduğu müşahidə məntəqəsini atəşə
tutub.

Qırğızıstan və Tacikistan sərhəd dəstələri arasında təxminən 20
dəqiqə davam edən atışma başlayıb və saat 03:10-da başa çatıb.

Qırğızıstan tərəfdən ölən və yaralanan yoxdur.

Münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün
Qırğızıstan və Tacikistanın sərhəd nümayəndələri arasında telefon
danışığı, daha sonra hadisə yerində görüş keçirilib.