Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın
statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli
dəstəkləyir.
Trend xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti
Sadır Japarov aprelin 20-də Prezident İlham Əliyev ilə geniş
tərkibdə görüş zamanı deyib.
Qırğız dövlət başçısı bildirib:
“Fəal mədəni-humanitar əməkdaşlıq vasitəsilə ölkələrimizin
xalqlarının qarşılıqlı zənginləşməsini qeyd etməyə şadam.
Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız
arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə kömək edirlər.
Bundan əlavə, ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı,
İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi
beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx
qarşılıqlı fəaliyyət göstərir. Qırğızıstan Şanxay Əməkdaşlıq
Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər
artırılmasını hərtərəfli dəstəkləyir.
Hörmətli İlham Heydər oğlu, bu gün bizim qarşılıqlı
münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər
cür şərait yaranıb. Bununla əlaqədar, Qırğızıstanın iki dövlət
arasında strateji tərəfdaşlıq münasibətləri qurulması barədə
təşəbbüsünü dəstəklədiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür
edirəm. Əminəm ki, bu gün yaradılan dövlətlərarası şura hökmən
ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə və
möhkəmlənməsinə şərait yaradacaq.
Bizim böyük yazıçımız Çingiz Aytmatov deyirdi: “Okeana bənzəyən
“Manas” eposu əsrlərin dərinliyindən gələn qırğız mənəvi irsinin
parlaq zirvəsidir. Bu, dünyamiqyaslı ən iri eposdur, onun aparıcı
mövzusu isə birlikdir. Onun dəyərləri bizim şüurumuzda dərin kök
salıb, buna görə də biz birliyi, şərəfi, ədaləti dərindən
qiymətləndirir və ona ehtiram bəsləyirik”. Biz bu dəyərlər əsasında
azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki,
birlikdə daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik.
Bundan ötrü bizim hər cür ilkin şəraitimiz var. “Manas” eposunun
1000 illik yubileyi ilə bağlı şənliklərdə möhtərəm Heydər Əliyev
demişdi: “Biz bir-birimizi qəlbən hiss edir və başa düşürük””.