Qırğızıstan Prezidenti Azərbaycanın işgüzar dairələri ilə görüşüb

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana
rəsmi səfəri çərçivəsində aprelin 20-də ölkəmizin işgüzar
dairələrinin nümayəndələri ilə görüşüb.

Trend xəbər verir ki, tədbirdə əvvəlcə Qırğızıstanın investisiya
mühitinə dair videoçarx nümayiş olunub.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ortaq tarixi,
dəyərləri, dil və mədəni bağlılıqları olan ölkələrimizin müxtəlif
istiqamətlər üzrə münasibətlərinin inkişafının əhəmiyyətini
vurğulayıb, Azərbaycanın etibarlı tərəfdaş olduğunu, Qırğızıstanın
ölkəmizlə iqtisadi əməkdaşlığın genişləndirilməsinə maraq
göstərdiyini, birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd
edib. Prezident ölkəsində investisiyaların cəlb olunması,
sahibkarlığın təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi,
qida sənayesi, yeni texnologiyalar, turizm, kənd təsərrüfatı və
sair istiqamətlərdə görülən işlər barədə danışıb, Azərbaycan və
Qırğızıstanın biznes dairələrini fəal əməkdaşlığa dəvət edib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov keçirilən
tədbirin iki dost ölkənin iqtisadi əlaqələrinin, iqtisadi-ticarət
tərəfdaşlığının və işgüzar dairələr arasında əməkdaşlığın
genişləndirilməsində səmərəli olacağını vurğulayıb. Coğrafi
məsafəyə baxmayaraq, ümumi ənənələri, mədəniyyəti və dəyərləri olan
ölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslanan
yüksək səviyyəli ikitərəfli münasibətlər inkişaf etdiyini söyləyən
nazir deyib: “Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevlə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında
keçirilmiş görüşdə tərəfdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti
vurğulanıb və dövlətlərimiz arasında mühüm sənədlər imzalanıb.
Bütün bunlar ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyədə
inkişafına xidmət edəcək”.

Qeyd edilib ki, ticarət əlaqələri Azərbaycan-Qırğızıstan
əməkdaşlığının əsas istiqamətlərindəndir. Bununla belə, ölkələrimiz
arasında ticarətin həcmi bu sahədə potensialı tam əks etdirmir.
Ticarət, eləcə də investisiya sahəsində tərəfdaşlığın
genişləndirilməsi üçün imkanlar daha böyükdür və bu istiqamətdə
qarşılıqlı səylərin gücləndirilməsi əhəmiyyət kəsb edir.
Azərbaycanda müxtəlif sahələrdə 60-a yaxın Qırğızıstan şirkəti
fəaliyyət göstərir.

İqtisadiyyat naziri Azərbaycanda pandemiyanın təsirlərinin
aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər, əlverişli
biznes və investisiya mühiti, sahibkarlara dəstək mexanizmləri,
azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri,
sənaye zonalarının fəaliyyəti, Azərbaycan İnvestisiya Şirkəti, Ələt
Azad İqtisadi Zonasının imkanları və sair barədə ətraflı məlumat
verib.

Tədbirdə Qırğız Respublikasında investisiya layihələri barədə
təqdimat olub.

Görüşdə sahibkarların sualları cavablandırılıb, işgüzar dairələr
arasında əlaqələrin genişləndirilməsi ilə bağı müzakirələr
aparılıb.

Tədbir çərçivəsində Qırğız Respublikasının Prezidenti yanında
Milli İnvestisiya Agentliyi və Azərbaycan Respublikasının İxracın
və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO arasında Əməkdaşlıq
Memorandumu imzalanıb. Sənəd biznes tərəfdaşlığının
genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi
məsələlərini əhatə edir.

Teqlər: