Qidaların zənginləşdirilməsi nədir?

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin
(AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika
çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ)
mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar,
sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida
təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar
oxucuların diqqətinə çatdırılır. AQTİ-nin Elmi-tədqiqat və
risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssislərinin
hazırladığı budəfəki maarifləndirici mövzumuz isə qidaların
zənginləşdirilməsinin əhəmiyyəti haqqındadır.

Texnoloji emal prosesi nəticəsində qida mәhsulları öz faydalı
xüsusiyyәtlәrinin bir qismini itirir. Bu baxımdan da insan
sağlamlığının təmin olunmasında gündəlik istehlak edilən qida
məhsullarının zəruri komponentlərlə zənginləşdirilməsi səmərəli
çıxış yolu sayılır. Qidaların tərkibinin yaxşılaşdırılması üçün
әsasən vitamin vә minerallardan istifadə olunur. Zәnginlәşdirilәn
qida məhsullarına әsasәn duz, buğda vә qarğıdalı unu, şәkәr, bitki
yağları, düyü və s. göstərmək olar.

Ən çox zənginləşdirilən qida məhsulları arasında buğda unu
xüsusilə seçilir. Unun zənginləşdirilməsi, yəni mikronutriyentlərin
kiçik miqdarının una əlavə olunması zəruri qida maddələri
çatışmazlığının aradan qaldırılmasında düzgün yanaşma üsulu hesab
olunur. Unun zənginləşdirilməsi onun emalı zamanı itirilmiş
komponentlәrin bərpa olunmasını təmin edir.

Qidaların zәnginlәşdirilmәsi qeyri-düzgün qidalanma nəticəsində
yaranan bir sıra xәstәliklәrin aradan qaldırılmasında özünü
doğruldub. Belə ki, qidaların zənginləşdirilməsi bir sıra
xəstəliklərin qarşısının alınmasına, immun sistemin
gücləndirilməsinə və koqnitiv inkişafa (idrak, qavrama, intellekt
və s.) müsbət təsir göstərir.

Qeyd edək ki, zənginləşdirilmiş qidalar orqanizmdə müəyyən qida
maddələrinin çatışmazlığının qarşısını almaq üçün bir və ya bir
neçə fizioloji funksional inqrediyentin əlavə olunduğu ənənəvi
qidalardır. Zənginləşdirilmiş qidaların bir sıra növləri
vardır:

– Vitamin və minerallarla zənginləşdirilmiş məhsullar;

– Zülalla zənginləşdirilmiş məhsullar;

– Qida lifi ilə zənginləşdirilmiş məhsullar;

– Probiotik mikroorqanizmlərlə zənginləşdirilmiş məhsullar.

Qidanın mikronutriyentlərlə zənginləşdirilməsi aşağıdakı
prinsiplərə əsaslanır:

– qida məhsullarının zənginləşdirilməsi üçün çatışmazlığı olan,
eləcə də geniş yayılmış və sağlamlıq üçün təhlükəsiz sayılan
mikroelementlərdən istifadə edilməlidir. Məsələn, C, E, B qrupu
vitaminləri, fol turşusu, karotin, həmçinin yod, dəmir və kalsium
kimi minerallar və s.

– vitamin və minerallarla gündəlik qidalanmada müntəzəm olaraq
istifadə edilən kütləvi istehlak məhsullarını zənginləşdirmək
lazımdır. Bu məhsullara un və çörək məhsulları, süd və süd
məhsulları, duz, şəkər, içkilər, uşaq qidaları və s. aid
edilir.

– qida məhsullarının vitamin və minerallarla zənginləşdirilməsi
onların istehlak xassələrini pozmamalıdır: onların tərkibində olan
digər qida maddələrinin tərkibini və həcmini azaltmaq, məhsulların
dadını, qoxusunu, təzəliyini əhəmiyyətli dərəcədə dəyişmək, saxlama
müddətini azaltmaq;

– tətbiq olunan yaxşılaşdırıcıların bir-birilə və
zənginləşdirilmiş məhsulun komponentləri ilə kimyəvi qarşılıqlı
təsirinin mümkünlüyünü nəzərə almaq, həmçinin belə birləşmələri,
formaları, üsulları və tətbiq mərhələlərini seçmək lazımdır.
İstehsalı və saxlanması zamanı məhsulun maksimum təhlükəsizliyi
qorunmalıdır.

– istehsalçı tərəfindən tənzimlənən vitamin və mineralların
tərkibi zənginləşdirilmiş məhsulun adi istehlak səviyyəsində həmin
mikroelementlərə olan orta gündəlik tələbatın 30-50 %-ni ödəməyə
kifayət etməlidir.

– qablaşdırma üzərində tətbiq olunmuş yaxşılaşdırıcıların
tərkibi mütləq göstərilməlidir.

– zənginləşdirilmiş məhsulların effektivliyi yalnız
təhlükəsizliyini, məqbul dadını deyil, həm də yaxşı həzm
olunduğunu, orqanizmə daxil olan vitamin və minerallarla
təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq qabiliyyətini
nümayiş etdirərək sınaqdan keçirilməklə təsdiqlənməlidir.

Teqlər: