Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən laboratoriyalarda innovativ həllərin tətbiqi uğurla davam edir. Hazırda respublikanın müxtəlif bölgələrində qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən 15 laboratoriya vahid korporativ elektron şəbəkədə birləşdirilib.
Laboratoriyaların idarə edilməsində və işlərin icrasında operativliyin təmin edilməsi üçün Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) daxili alt sistemi olan “Laboratoriya İdarəetmə Sistemi” 15 laboratoriyada tətbiq edilib. Sistemin əsas funksionallığı sınaq üçün tətbiq edilən nümunələrin izlənməsindən və təhlükəsizliyinin təmin edilməsindən, eləcə də ödənişlərin onlayn qaydada həyata keçirilməsindən ibarətdir. Bütün bu proseslər sistem ilə icra edilir, yekun protokol sahibkarlara operativ təqdim edilir. Protokollarda məlumat təhlükəsizliyinin və tamlığının qorunması üçün QR kod ilə yoxlama və təsdiqləmə funksiyaları da mövcuddur. Bununla yanaşı, sahibkarlar və fərdi müştərilər E-AQTA mobil tətbiqindən istifadə edərək sınaq nəticələri barədə məlumatları operativ şəkildə əldə edə və ödənişlərini vaxt itirmədən onlayn qaydada həyata keçirə bilərlər. Sistemin tətbiqi idxal-ixrac prosesinin operativliyinə təkan verməklər yanaşı, sahibkarlara vaxt itkisi olmadan öz müraciətlərinin icra vəziyyətini izləməsinə imkan verir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda xidmət keyfiyyətinin yüksəldilməsi və innovativ həllərin tətbiqi və laboratoriyalarda müasir texnologiyaların tətbiq edilməsi istiqamətində işlər uğurla davam etdirilir.