Xəbər - İlhamə İsabalayeva – Trend:
Beynəlxalq təcrübəyə uyğun və ölkə ərazisində mövcud qida təhlükəsizliyi problemlərinin ətraflı araşdırılması nəticəsində ölkəmiz üçün prioritet hesab olunan 16 istiqamətdə 2020-ci il üzrə qida təhlükəsizliyi sahəsində mövcud vəziyyəti əks etdirən sənəd tərtib olunub. Mövcud vəziyyətin vizual təqdimatını əks etdirən həmin sənədə əsasən ölkəmizdə 2020-ci ildə qida təhlükəsizliyi vəziyyəti müsbət istiqamətdə 9,44 % dəyişib.
Qida Təhlükəsizliyi Agentliyindən AzerTimes-a verilən məlumata görə, əldə olunan göstəricilərə əsasən 2019-cu illə müqayisədə hər hansı uyğunsuzluq aşkarlanan, həmçinin nəticəsində inzibati xəta aşkarlanan yoxlamaların sayında müsbət dəyişiklik qeydə alınıb.
Eyni zamanda, qida təhlükəsizliyi ilə bağlı xüsusi təhlükəli hesab edilən bir sıra mikroorqanizmlərin qida məhsullarında aşkar edilməsi üzrə də müsbət istiqamətdə dəyişikliklər qeydə alınmış, nəticədə mikrobioloji təhlükəsizlik göstəriciləri baxımından məhsulların daha etibarlı olduğu müəyyən edilib.
Qeyd edək ki, qida məhsullarının rəqabət qabiliyyətini müəyyən edən əsas göstəricilərdən biri də ixrac zamanı idxalatçı ölkələr tərəfindən imtina prosedurlarının tətbiq edilib-edilməməsidir. Bu baxımdan 2020-ci il ərzində qida təhlükəsizliyi göstəriciləri üzrə yalnız 1 imtina halı qeydə alınmış və 2019-cu illə müqayisədə 97% müsbət istiqamətdə dəyişiklik baş verib.