“Qida təhlükəsizliyi haqqında” yeni qanunun təsdiqi və icrası
istehlak bazarında qiymətlərə təsir göstərməməlidir, çünki qanunun
məqsədi xərci artırmaq deyil, təhlükəsizlik tədbirləri tətbiq etmək
və qida təhlükəsizliyini gücləndirməkdir.
Bunu AzerTimes-a Milli
Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, bununla belə bəzi sahibkarlar süni şəkildə qiymət
artımına gedə bilərlər.
“Bu tip islahatlar aparılan zaman təəssüf ki, bəzi sahibkarlar
tərəfindən qiymətin süni artırılması və yaxud xərc artmadığı halda
qiymət artımına gedilməsi halları olur. Xüsusən də şadlıq
saraylarında, restoranlarda belə süni qiymət artımı müşahidə edilə
bilər.
Bu baxımdan bu qanunun tətbiqi prosesinə uyğun olaraq süni
qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsinə də ehtiyac
var.
Süni qiymət artımlarının qarşısının alınması ilə sistemli
tədbirlərin genişləndirilməsi vacibdir ki, qida təhlükəsizliyi ilə
bağlı qaydalar təkmilləşdikdən sonra sahibkarlar bundan qiymətləri
süni şəklidə artırmaq üçün istifadə etməsinlər”, – deyə deputat
əlavə edib.
Qeyd edək ki, Milli Məclis aprelin 12-də “Qida təhlükəsizliyi
haqqında” Azərbaycan Respublikası qanununun layihəsini ikinci
oxunuşda qəbul edib.
Qanun layihəsi Azərbaycan Respublikasının ərazisində insanların
və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların
hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının
təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri
tənzimləyir.