“Qida təhlükəsizliyi haqqında” Qanunda qida subyektlərində HACCP sisteminin tətbiqi nəzərdə tutulur

Yeni Qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı
ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP
prinsiplərinə əsaslanan prosedurları tətbiq etməli və bu
prinsiplərə əsaslanan qida təhlükəsizliyinə nəzarət sisteminə malik
olmalıdır. Hazırda dünyada qida təhlükəsizliyinin idarə edilməsi
üçün ən çox istifadə olunan mexanizm HACCP sistemidir və qida
təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən,
qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi,
qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistem
qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün mümkün
təhlükələrin və risklərin qiymətləndirilib nəzarətə götürülməsi və
qida mənşəli xəstəliklərin və ya zəhərlənmə hallarının risklərini
aradan qaldırmağı hədəfləyir. Təhlükəli faktor insan sağlamlığı
üçün təhlükə mənbəyi olub, qida və yem məhsullarında yer alan
bioloji, kimyəvi və fiziki agent və ya qida məhsulunun
vəziyyətidir. Kritik nəzarət nöqtəsi isə təhlükəli faktorun
qarşısını almaq, onu aradan götürmək və ya məqbul həddə salmaq üçün
nəzarətin zəruri olduğu istehsal zəncirinin mərhələsidir.

Bu nəzarət mexanizmi qida zəncirinin bütün mərhələlərini əhatə
etməklə vahid sistem halında fəaliyyət göstərir. Qida
təhlükəsizliyinin təmin edilməsinin ən səmərəli və etibarlı
təminatı istehlak bazarında hazır məhsula nəzarət etmək deyil, qida
məhsulları istehsal zəncirinin bütün mərhələlərində belə bir qida
təhlükəsizliyinin idarə edilməsi mexanizminin yaradılması və
tətbiqini zəruri edir.

Eyni zamanda qanun layihəsində HACCP sistemlərinin tətbiq
edilməsi üçün keçid müddətlər müəyyən edilmişdir. Belə ki, HACCP
sistemlərinin tətbiqinin məcburiliyi “Sahibkarlıq fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, iri
sahibkarlıq subyekti hesab edilən qida subyektlərində həmin Qanun
dərc olunduğu gündən iki il, orta və kiçik sahibkarlıq subyektləri
hesab edilən qida subyektlərində isə dörd il sonra üçün təsbit
edilmişdir.

Qeyd edək ki, HACCP – Qida təhlükəsizliyinin idarə edilməsinə
əsaslanan bir standartdır. Standartın əsas məqsədi qida istehsalı
və istehlakını ən sağlam hala gətirməkdir. Buna görə də sosial
rifah və daha əsaslı gigiyenik tələblərə üstünlük verir. Sistem həm
də qurum və təşkilatların inkişafı üçün kritik nöqtələrin
tənzimləyicisidir. Çünki risklərin idarə edilməsində çox faydalı
olan standartları özündə ehtiva edir. Bu baxımdan qida biznesinin
və istehsalçı qurumların gələcək uğurlarını təmin etmək imkanına
əsaslı töhfə verir. Qida təhlükəsizliyinə diqqət yetirən bu sistem
prosesə əsas nəzarətləri təyin edən və onun necə idarə olunacağını
planlaşdıran bir bələdçi rolunu oynayır. Konsepsiya qidanın
hazırlanması və təchizatı prosesində dəyərli sistem yanaşması ilə
sosial inkişafa xidmət edir. HACCP təcrübələrinə əməl olunarsa,
təhlükəsiz və keyfiyyətli məhsulların bazarda dövriyyəsi təmin
edilər. HACCP planı ortaya çıxacaq müxtəlif növ qida təhlükələrini
müəyyən etmək və idarə etmək məqsədi daşıyır. Bu, baş verə biləcək
potensial zərərlərin qarşısını almağı hədəfləyir. HACCP sisteminin
tətbiqi müəssisələrin daxili qida təhlükəsizliyi nəzarəti
sisteminin qurulmasına da imkan verəcək ki, bu da dövlət nəzarəti
tədbirlərinin azaldılmasına və sahibkarların özləri tərəfindən
tələblərin yerinə yetirilməsinə şərait yaradacaq.

HACCP sisteminin əsas üstünlüklərinə istehsal və paylama
sisteminə nəzarət və qida təhlükəsizliyi sahəsində risklərin
qarşısını alması, qida gigiyenasına dair məlumatlılıq yaratması,
dövriyyədə olan mal və məhsulların keyfiyyətini yaxşılaşdırması və
s. daxildir.

Teqlər: