“Qida təhlükəsizliyi” haqqında qanun layihəsi Milli Məclisdə
üçüncü oxunuşda qəbul edildikdən sonra sosial şəbəkələrdə
“QidaTəhlükəsizliyinəYeniYanaşma” həştəqi ilə kütləvi paylaşımlar
edilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən başlanan
kampaniyaya qısa zamanda minlərlə sosial şəbəkə istifadəçisi
qoşulub. Xüsusilə qida sahəsində fəaliyyət göstərən şəxslər və bu
sahədə çalışan mütəxəssislər yeni qanunun tətbiqinin ölkəmizdə qida
təhlükəsizliyinin təmin edilməsində yeni imkanlar yaradacağını qeyd
ediblər. Kampaniyaya həmçinin iri ticarət şəbəkələri də qoşularaq
rəsmi sosial şəbəkə hesablarından bu mövzuda paylaşımlar
ediblər.
Qeyd edək ki, yeni qanun ölkə ərazisində insanların və
heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların
hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının
təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri
tənzimləyir. Qida təhlükəsizliyi sisteminin təmin edilməsi
sahəsində bir sıra yenilikləri özündə ehtiva edən qanun 9 fəsil və
38 maddədən ibarətdir.