Qida sahəsində idxal-ixrac tamamilə elektronlaşdırılır

Qida sahəsində idxal-ixrac tamamilə elektronlaşdırılır.
Sahibkarlar bundan sonra bu əməliyyatlar üçün yalnız
Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi
vasitəsilə müraciət etməlidirlər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən
(AQTA) AzerTimes-a verilən məlumata
görə, agentlik rəqəmsal idarəçiliyin inkişafı, innovativ həllərin
tətbiqi ilə daxili idarəetmə proseslərinin optimallaşdırılması və
elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin
təmin edilməsi məqsədilə ardıcıl tədbirləri davam etdirir. Həmçinin
Agentlik öz fəaliyyətində şəffaflığın təmin edilməsi, eyni zamanda
sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da
optimallaşdırılması və bu sahədə onlara dəstək verilməsi
istiqamətində davamlı olaraq işlər aparmaqdadır.

İşin səmərəliliyinin artırılması və təqdim olunan elektron
xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan
növbəti addım idxal prosesləri ilə bağlıdır. Belə ki, yeyinti
məhsullarının idxal və ixrac əməliyyatları, fitosanitar nəzarət
sahəsinə aid məhsulların ixrac prosesi, eyni zamanda bitki mühafizə
vasitələrinin idxal prosesi artıq tam şəkildə
elektronlaşdırılıb.

Hazırda baytarlıq sahəsində idxal və ixrac əməliyyatlarının,
paralel olaraq fitosanitar sahədə isə idxal əməliyyatlarının
elektronlaşdırılması və müraciətlərin sahibkarlar tərəfindən
Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS)
üzərindən “Şəxsi kabinet” vasitəsilə həyata keçirməsi üzərində
işlər aparılır. Cari ilin may ayında qida sahəsində idxal-ixrac
əməliyyatlarının tamamilə elektronlaşdırılması gözlənilir. Bu da öz
növbəsində müraciətlərin daha sürətli icrasına və məlumat
mübadiləsinin operativ həyata keçirilməsinə şərait yaradacaq.
Müvafiq yeniliklərlə tanışlıq məqsədilə sahibkarlarla görüşlərin
keçirilməsinə başlanılıb.

Qeyd edək ki, AQTİS-in infrastrukturu və fəaliyyətinin
dayanıqlığının təmin edilməsi məqsədilə Agentliyin əsas
infrastruktur serverləri və ehtiyatları Azərbaycan Respublikası
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Data Mərkəzində
yerləşdirilib. Eyni zamanda 2025-ci ilə qədər AQTİS-də bir çox yeni
modulların hazırlanması da nəzərdə tutulur. Bu istiqamətdə görülən
tədbirlər elektron xidmətlərin geniş tətbiqi ilə xidmət
keyfiyyətinin yüksəldilməsi, sahibkarların “Şəxsi kabinet”
vasitəsilə müraciətlərinin qəbulu, kağızsız izləmə sisteminə keçid,
vaxta qənaət, xidmətlərdən yararlanmanın asanlaşdırılması və
vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır.

Teqlər: