QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi”ni keçirir

Xəbər - Çingiz Səfərli – Trend:

Noyabrın 22-dən insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq, əhalinin sağlam həyat tərzi barədə məlumatlandırmaq məqsədilə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2021”ə start verib.

Bu barədə AzerTimes-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bu günədək RQMM Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Sumqayıt “ASAN xidmət” mərkəzində, Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecində, Şəki Tibb Kollecində, Lənkəran Şəhər Peşə Texniki Liseyində maarifləndirmə aksiyaları keçirib, müayinələr aparılıb. Universitetlərdə və kollecdə tələbələrə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə bağlı mühazirələr oxunulub, xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Tələbələri maraqlandıran suallara cavablar verilib, pulsuz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.

Eyni zamanda, təhsil ocaqlarında münasib yerdə quraşdırılan informasiya guşəsində yüzlərlə vətəndaş həkimlərin təcrübəsindən yararlanıb. Onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanır, xəbərdaredici məlumatlar verilib. Təbirlər yeni növ koronavirus (COVID-19) pandemiyasının tələblərinə uyğun (sosial məsafəni qorumaq və tibbi maskadan istifadə) şəkildə təşkil olunub.

Qeyd edək, ki maarifləndirmə tədbirləri 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə günündən sonra da, Bakı və Sumayıt şəhərlərində, bölgələrdə insanların daha çox olduğu ünvanlarda davam etdiriləcək.

Teqlər: