Xəbər - Çingiz Səfərli – Trend:
QHT-lərlə əməkdaşlıq istiqamətində yeni prosedur hazırlanır.
AzerTimes-ın məlumatına görə, bunu mədəniyət nazirinin müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün tətbiq olunan yeni yanaşma sadəcə nazirlikdaxili layihələrə aiddir, eyni zamanda paralel olaraq QHT-lərlə əməkdaşlıq da layihə idarəçiliyi çərçivəsində görülür.
“Yaxın zamanlarda QHT-lərlə bağlı prosedur da hazır olacaq. Bu gün biz çalışırıq ki, Mədəniyyət Nazirliyi idarəçiliyin təkmilləşdirilməsi ilə məşğul olsun. İdarəçiliyin ilk mərhələsi təbii ki, daxili idarəçilikdir. Bütün tərəfdaşlarla əməkdaşlığımızı o cümlədən QHT-lərlə əməkdaşlığı layihəyönümlü etmək istəyirik. Bunun ən böyük üstünlüyü şəffaflıqdır. Çünki artıq hər bir qərarı qəbul etməzdən öncə bütün cəlb olunan və o fəaliyyətdə iştirak edən bütün tərəflər o layihədən xəbərdar olur. Layihəyönümlülüyün vacib bir mərhələsi layihə sənədidir. Artıq hər bir təklif, hər bir təşəbbüs layihə sənədi əsasında formalaşdırılacaq və bu layihə sənədi bütün tərəflərlə müzakirə ediləcək və ümumi koordinasiyanı gücləndirəcək”.
Nazir müavini onu da qeyd edib ki, korporativ dünyadan fərqli olaraq Mədəniyyət Nazirliyinin qarşısında öhdəliklər var.
“Korporativ dünya layihələrini maliyyə baxımından dəyərləndirirsə, bizim dəyərləndirmə sistemimiz başqadır. Çünki cəmiyyət qarşısında dəyərlərimizin qorunub saxlanılması və təşfiq edilməsi öhdəliyi var. Layihələrin hazırlanması bizim illik fəaliyyət planına uyğun olacaq”.