QH Gənclər Təşkilatının qərargahının açılışı oldu – Foto

QH Gənclər Təşkilatının qərargahının açılışı oldu – Foto

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində QH Gənclər Təşkilatının mənzil-qərargahının rəsmi açılış mərasimində iştirak və çıxış edib.

Bu barədə AzerTimes-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Mərasimdə həmçinin QH-nın sədrlik üçlüyünün digər üzvləri qismində Venesuela Bolivar Respublikasının xarici əlaqələr üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pinto və Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo, eləcə də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, gənclər sektoru nümayəndələri və media mənsubları iştirak edib.

Tədbir iştirakçıları mənzil-qərargahda QH gəncləri üçün yaradılmış şərait ilə tanış olduqdan sonra açılış mərasiminin rəsmi hissəsi baş tutub.

Açılış mərasimində çıxış edən C.Bayramov, QH Gənclər Təşkilatının yaradılmasının Azərbaycanın Hərəkata sədrliyi dövründə irəli sürdüyü ən uğurlu təşəbbüslərdən biri olduğunu qeyd edib. Bu xüsusda, QH Gənclər Təşkilatının mənzil-qərargahının rəsmi açılışının keçirilməsinin Hərəkatın tarixində əlamətdar hadisələrdən biri olduğunu bildirərək, bu münasibətlə öz təbriklərini çatdırıb, Təşkilata bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Mərasimdə, həmçinin QH Gənclər Təşkilatının fəaliyyətinə dair hesabat videoçarxı nümayiş olunub.

Açılış mərasiminin yekununda, QH-nın sədrlik üçlüyünün üzvləri Azərbaycan Respublikasının xarici işlər naziri, Venesuela Bolivar Respublikasının xarici əlaqələr üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pinto və Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo, həmçinin Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Təşkilatın xatirə kitabına öz ürək sözlərini yazıblar.

Teqlər: