Dövlət Sərhəd Xidmətinin (DSX) noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğrayan hərbi helikopterinin qara qutusu tapılıb.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumata əsasən, cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.
Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.