Qəza zamanı DSX-nin iki pilotunun necə sağ qaldığı məlum olub

Qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxmış, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılmış, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölmüş, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar.

AzerTimes-ın məlumatına görə, bunu Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 hərbi təyinatlı helikopteri Xızı rayonu ərazisindəki Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, iki hərbçimiz isə yaralanıb.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 352.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ) və digər maddələri ilə cinayət işi başlanıb.

Teqlər: