Xəbər - Fərid Zöhrabov – Trend:
Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtovağzalların
işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı
hazırlanıb.
Bu barədə AzerTimes-ın
sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
bildiriblər.
Nazirlikdən qeyd edilib ki, tədbirlər planına əsasən, respublika
ərazisində, eləcə də Bakı şəhərinin müxtəlif ərazilərində
qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin
müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün
müvafiq addımların atılması nəzərdə tutulub.
“Hazırda əsas problem kimi heç bir texniki yoxlamadan keçməyən
və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən
avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz
növbəsində qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına
mane olur, daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.
Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin
olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə
qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin
sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət
Avtomobil Nəqliyyatı Xidməti müvafiq dövlət qurumu ilə birgə
mütəmadi reydlər keçirir. Gələcəkdə bu reydlərin davam etdirilməsi
nəzərdə tutulur”, – məlumatda deyilir.
Twitter:@FaridZohrabov