Qeyri-neft ixracı 37 faizdən çox artıb

Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 mln. dollar və ya 37,1% artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AzerTimes-a verilən məlumata görə, “İxrac icmalı”nın sentyabr sayına əsasən, 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycanın ixracı 13 mlrd. dollar, qeyri-neft sektoru üzrə 1,6 mlrd. dollar təşkil edib.

2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım qeydə alınıb.


Normallaşma prosesinin davam etdiyi dövrdə avqust ayı üzrə ixrac 1,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 95,3% təşkil etməklə 230,4 mln ABŞ dolları olub. 2021-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 53,1% artaraq 38,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 106,6% artaraq 192,1 milyon ABŞ dolları təşkil edib.