Mayın 27-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
AzerTimes xəbər verir ki, iclas zamanı ilk olaraq Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu bu vəzifəyə Fuad Dərgahlının namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək F.Dərgahlının namizədliyini yekdilliklə dəstəkləmişlər.
Fuad Dərgahlı 10 mart 1974-cü ildə Bakı şəhərində anadan olmuş, 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix və Dövlət Hüququ fakültəsini bitirmişdir. 1998-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarında fəaliyyətə başlamış, sosial, iqtisadi, təhsil sahələrində layihə və proqramların icrasına cəlb olunmuşdur. Avropanın bir sıra ölkələrində və ABŞ-da vətəndaş cəmiyyəti sahəsində proqramlarda iştirak etmişdir. Dünyanın 20-dən çox ölkəsində keçirilən təlim, seminar və konfranslarda Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi kimi təmsil olunmuşdur. 2012-ci ildən “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin sədri vəzifəsində çalışır.
İclasda Agentliyin əməyin ödənişi fondunun, strukturunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin layihəsi müzakirəyə çıxarıldı, Müşahidə Şurasının üzvlərinin təklifləri nəzərə alınmaqla təsdiq olundu.
Daha sonra Agentliyin Nizamnaməsindən irəli gələrək daxili qaydaların reqlamentinin hazırlanması ilə bağlı məsələ müzakirə olundu. Sənədin hazırlanması üçün bir neçə Şura üzvündən ibarət işçi qrup yaradılması və qısa müddətdə müzakirəyə çıxarılaraq təsdiq olunması barədə qərar qəbul olundu.
Cari məsələlərin müzakirəsi zamanı Agentliyin texniki təminatı və qarşısında duran vəzifələrə dair fikir mübadiləsi aparılmışdır.