Qətl baş verdi: xalq dəmir linçi axtarır!

Qətl baş verdi: xalq dəmir linçi axtarır!

Bu gün ala sabah Ağcabədidə baş verən qətl hadisəsi ilə bağlı Baş Prokurorluğun yaydığı məlumat olduqca mühüm, vacib, taleyüklü, milli-strateji faktı ortaya çıxardı. Çünki polisin yaydığı açıqlamada bu strateji məlumat əksini tapmamışdı.

Yəni Baş Prokurorluq izhar etdi ki, Sadiq Kərimov bacısını dəmir linçlə öldürüb.

Bayaqdan internetin bütün imkanlarından istifadə etməyə çalışıram, sübhdən həmkarlarımı da narahat etmişəm: “linç”i axtarıram. Bu “linç” nədirsə, taxtası, misi də olmalıdır, çünki Baş Prokurorluq məhz “dəmir linç”lə qətl törədildiyini elan edib.

Əgər son onillikdə dilimizə keçən “linç”dən söhbət gedirsə, bunun “dəmiri” olmamalıdır. Linç – mühakimə etmədən, məhkəmə olmadan, həqiqət üzə çıxarılmadan verilən cəzadır, divantutmadır, özbaşınalıqdır. Yəni “linç” orfoqrafiq xəta deyil – əks halda “dəmir” komponenti olmazdı.

Yəni bu qardaş öz bacısını “dəmir özbaşınalıq” aləti ilə qətlə yetirib?

Kimsə səbəbi bilmədiyindən, məcburam cənab Baş prokurora müraciət edim. Əlbəttə, bir detalı aydınlaşdırmaq üçün Kamran Əliyevə ictimai şəkildə müraciət etmək məntiqli deyil. Sadəcə, praktikamdan bilirəm ki, Baş Prokurorluğun mətbuat xidmətində çalışanlar özlərini istintaqçı, tədqiqatçı hesab edirlər və media subyektlərinə də yaxalanmış şübhəli və ya müttəhim yox, məhz cinayəti sübuta yetirilmiş cani kimi yanaşırlar; bilmirəm, hansı səbəbdənsə onlar media ilə küçə iti kimi davranmaq səlahiyyətinə malik olduqlarını düşünürlər!

Ona görə məcburam, Abbasqulu bəy demiş, evin kişisinə müraciət edim: Kamran müəllim, Ağcabədidə qardaş bacısını nə ilə öldürüb? “Dəmir linç” deyəndə hüquq-mühafizə orqanlarının elitası sayılan prokurorluq orqanlarında mətbuat xidmətində oturdulan prokurorlar, təhqiqatçılar, müstəntiqlər, cinayəti anında açmaq qabiliyyəti olan, ancaq nədənsə xəbər yazmağa təhkim edilmişlər nə nəzərdə tuturlar?

Yeri gəlmişkən, media bunabənzər bir yanlışlıq etsəydi, Baş Prokurorluğun mətbuat xidməti “xəbərdarlıq”, “hədə”, “təhdid” açıqlamasını çoxdan yayardı…

Səbirsizliklə gözləyirəm – yəqin ki, tək mən yox, hamı…

Teqlər: