Hazırda Azərbaycan Qətərin “Nebras Power” şirkəti ilə energetika sahəsində müxtəlif layihələr, o cümlədən Yaşmada inşası planlaşdırılan qaz-turbin elektrik stansiyası layihəsi üzrə müzakirələr aparılır.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qətərin Milli Bayramında deyib.
Onun sözlərinə görə, hədəfimiz Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafının təmin edilməsidir və bu prosesdə “Nebras Power” şirkəti ilə əməkdaşlıq üçün yeni imkanlar mövcuddur:
“İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud xoş ənənələrini yaşatmaq, əlaqələrimizi hərtərəfli genişləndirmək yolunda birgə səylərimiz bundan sonra da davam edəcək”.
P.Şahbazov qeyd edib ki, Qaz İxrac Edən Ölkələr Forumu çərçivəsində və neft-qaz məhsullarının ticarəti ilə məhdudlaşan enerji əməkdaşlığının yeni müstəvidə qurulması üçün münasib vaxtdır: “Xüsusilə azad edilmiş ərazilərin “xalis sıfır” emissiyaya malik “yaşıl enerji” zonası konseptində inkişafı, eyni zamanda “yaşıl artım” və təmiz ətraf mühitə nail olmağa ölkənin milli prioriteti səviyyəsində yanaşma çox istiqamətli enerji əməkdaşlığı üçün fürsət yaradır”.