Qətər əmiri Şeyx Təmim bin Həməd əl Tani maliyyə fırıldaqçılığı və vəzifəsindən sui-istifadə ittihamı ilə həbs edilən Əli Şərif əl-İmadini vəzifəsindən azad edib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər xəbər agentliyi məlumat verib.
Sənəddə qeyd edilir: “Ticarət və sənaye naziri Əli bin Əhməd əl-Kuvari vəzifələrinə əlavə olaraq maliyyə nazirliyinin rəhbərinin funksiyalarını da yerinə yetirəcək”. Fərman imzalandığı andan qüvvəyə minir və tezliklə ölkənin bütün rəsmi qəzetlərində dərc olunacaq.
Xatırladaq ki, ötən gün baş prokurorun qərarı ilə əl-İmadi maliyyə fırıldaqçılığı və vəzifəsindən şəxsi mənfəəti üçün sui-istifadə etməkdə ittihamı ilə həbs edilib. Qətər Baş Prokurorluğu əldə etdiyi sənədlər əsasında cinayətlərin geniş miqyaslı araşdırılmasına başlayıb.