Azərbaycanın Qətərdəki səfirliyində ciddi problemlər var.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, Hesablama Palatası və Maliyyə Nazirliyinin apardığı yoxlama nəticəsində səfirlikdə təqribən 300-400 min dollarlıq yeyinti aşkar olunub.
Məlumata görə, səfirlikdə yoxlamalar davam edir.
Səfir Mahir Əliyev bundan əvvəl Azərbaycanın Suriya, Liviya, Əlcəzair, Tunis, BƏƏ-dəki səfirliklərinə rəhbərlik edib. Fəaliyyəti dövründə heç bir ciddi iş ortaya qoymayıb. Amma hər dəfə onun eyş-işrət məclisləri, maliyyə yeyintiləri, sərgüzəştləri medianın müzakirə mövzusuna çevrilib. İş o yerə çatıb ki, yerli əməkdaş adı altında yanında saxladığı bir şəxsi öz ardınca ölkədən-ölkəyə daşıyır. Həmin şəxsin kimliyi, nə işlə məşğul olduğu yalnız onun özünə bəllidir.
Araşdırmalarla müəyyən edilib ki, istər maliyyə, istərsə də diplomatik fəaliyyət baxımından Azərbaycanın Qətərdəki səfirliyində vəziyyət bərbad haldadır. Ən azından Qətər kimi bir ölkədə səfirliyimizin divarları arasında içki məclisləri düzənləmək səfirin məsuliyyətsizliyinin göstəricisidir. Elə bu səbəbdəndir ki, bu gün Ermənistanın Qətərdəki səfirliyi daha məqsədyönlü, məhsuldar fəaliyyət göstərir.
Hadisələrin gedişi onu göstərir və əldə etdiyimiz məlumat da təsdiqləyir ki, yaxın zamanlarda M.Əliyev vəzifəsindən azad olunacaq. Maliyyə yeyintiləri ilə bağlı məsələ də artıq aidiyyəti orqanların fəaliyyət sferasıdır.
Mahir Əliyev 1951-ci ildə Ağdaş şəhərində anadan olub. Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi, ərəb dili şöbəsini bitirib. Əvvəllər Təhsil Nazirliyində Xarici əlaqələr idarəsinin rəisi vəzifəsində çalışıb.