Qətər hökuməti ABŞ ilə 36 ədəd F-15 qırıcı təyyarəsinin alınmasına dair razılığa gəlib.
Bu barədə Qətərin Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, 12 milyard dollarlıq sazişə Pentaqon rəhbəri Ceyms Mettis və Qətər nümayəndələri iyunun 14-də imza atıb. 2016-cı ilin noyabrında ABŞ Dövlət Departamenti Qətərə 72 ədəd F-15 qırıcı təyyarələrin satılması barədə qərar qəbul edib. Razılaşmanın məbləği 21,1 milyard dollar təşkil edib.
Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ rəsmi Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan daha bir neçə ölkə Qətərlə diplomatik münasibətləri kəsib.