Qəribə mənzərədir: YAP hamını “iflic” edib, hamı “donub”…

Qəribə mənzərədir: YAP hamını “iflic” edib, hamı “donub”…

Milli Məclisi keçiriləcək seçkilərə cəmi 1,5 ay qalıb; cəmi 1,5 aydan sonra seçicilər seçki qutusunun başına gedəcək, ancaq…

Ancaq seçki ab-havası, namizədlərin irəli sürülməsində qələbəlik, səs-küy, imza kampaniyasını təbliğat şousuna çevirmək və s. – heç nə yoxdur; adi, adidən-adi bir yay yorğunluğu yaşayırıq.

Partiyalar ya ümumiyyətlə tərpənmir, siyahı təqdim etmir, ya da “yarımçıq siyahı” yayır, “əsas adamları” – yəni real olaraq seçilmə şansı olanları, xüsusilə partiya sədrlərini hələ namizəd göstərməyə tələsmirlər, “yarımçıq siyahıdır, tamamlayacağıq” deyə, gözləyirlər.

Amma bu, təkcə siyasi kəsimə aid deyil. Müstəqil ziyalılar, ictimai nüfuzlu şəxslər də “donub” qalıblar, namizədliklərini hansı dairədən irəli sürəcəklərini bilmirlər və yaxud seçkiyə gedib-getməyəcəklərini hələ aydınlaşdırmayıblar. Medianın sorğğusuna “hələ qərar verməmişəm” deyirlər.

Seçki çatdı, həzarat, haçan qərar verəcəksiniz?

Namizədliyin irəli sürülməsi çoxdan başlayıb, artıq 13 iyuldan namizədlərin qeydə alınması prosesi start götürüb – yəni imza vərəqələrini geri qaytarmaq, qeydə alınıb-alınmadığına əmin olmaq, qeydə alındınsa, təbliğata hazırlaşmaq, alınmadınsa, apellyasiya vermək fürsəti-vaxtı varkən, bir çoxları hələ də namizədliyini irəli sürməyib.

Hamı YAP-ı gözləyir – xüsusilə Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra sosial dayaqlarını daha da gücləndirən hakim partiya ilə rəqabət aparmaq asan məsələ deyil və bunu çox normal qarşılamaq olar. Ona görə də YAP-ın hansı dairədən hansı namizəd irəli sürəcəyi, hansı dairələrdə kimləri müdafiə edəcəyini bilmək çox önəmlidir.

Hakim partiya adətən 30 dairəni “boş buraxır” – çünki o dairələrdən də namizəd irəli sürməsi Milli Məclisi YAP Siyasi Şurasına çevirə bilər; həmçinin bir neçə dairədə öz namizədi ilə çıxış etmir, müstəqil namizədlərə dəstək verir.

Buna görə də YAP-ın “vazkeçilməzləri” ilə üz-üzə gəlib, ağır şəkildə məğlub olmamaq üçün hamı gözləyir.

YAP-dan isə səs yoxdur: ən son 11-13 iyul arasında siyahısını açıqlayacağı və seçki yarışının başlayacağı güman edilirdi. Ancaq 16 iyuldur, YAP-dan səs çıxmır.

YAP 700 mini aşan üzvləri ilə nəhəng partiyadır, Azərbaycanın ərazi bütövlüyünü təmin edən hakimiyyətin ictimai dəstək baxımından heç bir narahatlığı yoxdur, lap 25 iyulda namizədlərini açıqlasa, 5 günə imza vərəqələri alsa, yenə cəmi 2 kritik gündə – 2 avqusta qədər imza vərəqələrini doldurub, geri təqdim edəcək gücdədir. Bəs, rəqiblərinin belə bir imkanı varmı?

YAP faktiki olaraq ölkədə azacıq da müqavimət hiss etməyən partiya olduğunu növbəti dəfə nümayiş etdirir, prosesi tam-tamına idarə edir, bəzi rəqiblərini artıq indidən, sakitcə, heç bir hərəkət etməməklə sıradan çıxarır və yaxud oyundankənar vəziyyətə salır. Bütün bunlar aydındır – güclünün xüsusiyyətidir. Ancaq siyasi aktivlik çox aşağı düşüb, bu da ciddi faktordur. Ötən gün MSK cəmi 431 nəfərin namizədliyini irəli sürdüyünü elan etdi – qeydiyyatın artıq başladığı periodda 125 deputat yeri üçün 431 nəfərin namizədliyini irəli sürməsi çox aşağı göstəricidir.

Ona görə YAP-ın siyahısını tez açıqlaması vacibdir – bu seçki bir ayrı seçki olmalıdır, çünki ilk dəfədir Milli Məclisə seçkilər bütün Azərbaycan ərazisində keçirilir; seçki təbliğatı işğaldan azad edilən hər yerə gedib çatacaq. Bu seçki yalnız seçki deyil, həm də işğaldan tam azad olunan və bütün ərazisində seçki keçirən Azərbaycanın dünyaya siyasi mesajıdır.

Bu siyasi mesajı daha çılğın, daha qaynar, daha hay-küylü vermək lazımdır.

YAP-sız bu proses başlaya bilməz – hakim partiya addım atmalıdır…

Teqlər: