İki boksçunun rinqdə döyüşdüyünü düşünün. Səlis bir zərbə ilə öncə rəqibin gözləri qaralır, sonra səndələyir və yerə yıxılır. Birtəhər ayağa qalxdıqdan sonra isə nə edəcəyinə heç cür qərar verə bilmir, düşdüyü boşluğun şokunu yaşayır. Bax, Ermənistanın hazırkı rəhbərliyi, xüsusən də baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da eynilə bu halətdədir. Azərbaycanın “dəmir yumruğu” onun başına elə dəqiqliklə endirilib ki, Paşinyan hələ də səndələyir, hələ də sayıqlayır…
Əslində, Qərblə “demokratiya oyunu” oynayan Paşinyan həmişə səndələməyə meyilli olub. Külək hansı səmtdən əsibsə, o da o səmtdə dayanıb. Qərb onu hakimiyyətə gətirdiyi halda, ən çətin durumlarda ona dəstək olduğu halda, Paşinyan Qərbi gah Rusiya, gah da Suriya ilə aldadır. Onun Rusiya ilə olan həvadislərinin hər halda geniş izahata ehtiyacı yoxdur. Sadəcə, İkinci Qarabağ müharibəsində baş verən proseslər – Qərbdən dəstək almayınca Paşinyanın Rusiyaya sığınması, ondan mədət umması, onu müharibəyə cəlb etmək istəməsi, Ermənistanı düşdüyü uçurumdan çıxarmaq üçün ona yalvarışları və s.- hər şeyi izah edir.
Gələk Suriya məsələsinə, bir neçə gün öncə Suriyada prezident seçkiləri keçirildi, Bəşər Əsəd yenidən prezident seçildi. O Əsəd ki, qərb dünyası ilə düşməndir, o Əsəd ki, heç bir qərb ölkəsinin prezidenti seçkilərdə qalib gəlməyi münasibətilə onu təbrik etmədi. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə Bəşər Əsədi nəinki təbrik etdi, hətta İrəvanın Suriyaya humanitar böhranın həllində kömək etməyə hazır olduğunu belə dedi. Paşinyan bununla bağlı Bəşər Əsədə müraciətində Ermənistan-Suriya münasibətlərinin daha da dərinləşəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirdi.
Əslində, Qərbə “medan oxuyan” bu təbrik ilk deyildi. Təxminən bir ay öncə – aprel ayının 17-də Nikol Paşinyan Suriyanın milli bayramı – xarici qoşunların təxliyəsi Günü ilə əlaqədar Prezident Bəşər Əsədə təbrik mesajı göndərmişdi, bu mesjda da Ermənistanın iki dövlət arasında ənənəvi dialoqu dərinləşdirməyə hazır olduğu vurğulanırdı.
Görünən odur ki, Nikol Paşinyan Qərblə “demokratiya oyunu” oynamaqla, əslində müharibədəki məğlubiyyətin “heyifini çıxır”, ona göz dağı verir. Təbii ki, bu yanaşma Nikol Paşinyanın riyakar siyasət apardığını bir daha ortaya qoyur və bununla ümumilikdə Ermənistan rəhbərliyinin əsl mahiyyətini, eləcə də Ermənistanın çox təhlükəli bir “kampaniyanın” içərisində olduğunu göstərir.
Qayıdaq rinqə, bəzən zərbə elə güclü və elə dəqiq olur ki, rəqib ömürlük şikəst olur. Paşinyanın da “dəmir yumruğun” nokautundan bir ömür ayılmayacağı aşikardır.
Twitter: @Elgun_Mensimov