Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmalıdır- Deputat

Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmalıdır- Deputat

Ölkə Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində 2022-ci ilin nəticələrinə, eləcə də yeni – 2023-cü illə bağlı əsas gözləntilərə dair təhlil və açıqlamalarını təqdim etdi. Dövlət başçısının səsləndirdiyi fikirlər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gedən bir çox mühüm proseslərə mahiyyət baxımından aydınlıq gətirdi, onların düzgün qiymətləndirilməsi üçün əsaslı zəmin yaratmış oldu. Prezident İlham Əliyev son iki ildə gedən proseslərin ölkəmiz üçün son dərəcə vacib əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirdi ki, İkinci Qarabağ savaşından sonra dövlətimizin qarşısında duran əsas vəzifə Azərbaycanın hərbi qələbəsini siyasi müstəvidə də təsdiqləmək olub. Bu gün Azərbaycanın haqlı olması faktı və bu vəziyyətin yaratdığı yeni reallıqlar dünya tərəfindən qəbul edilir.

AzerTimes xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib. O qeyd edib ki, ötən ilin nəticələri 2023-cü ilin də xalqımız və dövlətimiz üçün uğurlu olacağını söyləməyə əsas verir:

“Dövlət başçısının öz müsahibəsində qeyd etdiyi kimi, bu gün Azərbaycan dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursu ölkəmizə bütün beynəlxalq müstəvilərdə öz sözünü açıq və birmənalı demək imkanı verib. Əlbəttə ki, bunun təməlində, ilk növbədə, 2020-ci ildə əldə olunmuş tarixi Qələbə və ölkənin hərbi qüdrəti durur. Bu iki həlledici amil isə birbaşa 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı gərgin və əhatəli iş, formalaşdırdığı və uğurla həyata keçirdiyi daxili və xarici siyasi kursu sayəsində əldə olundu. Lakin müharibə faktiki olaraq başa çatsa da, Azərbaycanın müəyyən qüvvələrə qarşı mübarizəsi hələ də davam edir. Azərbaycan bundan sonra da həm hərbi, həm siyasi, həm də iqtisadi gücünü artırmalıdır. Dövlətimiz bu böhranlı vəziyyəti xalqımız üçün yüngülləşdirmək məqsədilə əhatəli sosial layihələr və proqramlar həyata keçirir. Cənab Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı çox geniş sosial paket bir daha bunu göstərir. Müharibədən təzə çıxmış və ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkənin sosial sahəyə bu qədər vəsait ayırması, deməli, dövlətin sosial siyasəti, ilk növbədə, ölkənin iqtisadi gücünü əhalinin rifah yüksəlişinin təminatına yönəltməyə hesablanıb”.

Qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin xüsusilə böyük önəm kəsb etdiyini vurğulayan K.Qafarov bu istiqamətdə atılmış və atılacaq addımların bütün beynəlxalq konvensiyaların tələblərinə uyğun olduğunu qeyd edib:

“İlk növbədə, birmənalı olaraq qeyd olunmalıdır ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Həm də bu hüquqlar eyni zamanda həm Azərbaycanın, həm də Ermənistanın qoşulmuş olduğu bütün beynəlxalq konvensiyalar tərəfindən tanınır. Lakin cənab Prezident İlham Əliyevin söylədiyi kimi, Qarabağ problemi həll olunmamış Qərbi azərbaycanlıların hüquqlarından danışmaq tez idi.

Qeyd edim ki, dövlət başçımızın hələ 2020-ci ildə dediyi sözlər – “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” ifadəsi bu gün artıq beynəlxalq səviyyədə müzakirələrə çıxarılmış Qərbi azərbaycanlıların hüquqları ilə bağlı məsələdə bir daha özünün qabarıq şəkildə təsdiqini tapır. Hazırda bu istiqamətdə dövlət başçısının tövsiyə və tapşırıqları əsasında görülən işlər vahid konsepsiya əsasında aparılır. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmalıdırlar və Azərbaycan dövləti bu hüququ təmin etmək üçün bütün lazım olan addımları atacaq. Dövlətimizin başçısı keçən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndələri ilə keçirdiyi görüşdə demişdi ki, dövlətimiz bunu sülh yolu ilə etmək istəyir və buna nail olacaq. Bu məsələ ilə bağlı Prezident İlham Əliyevin qeyd etdiyi çox maraqlı və eyni zamanda da önəmli məqamlardan biri də budur ki, Qərbi azərbaycanlıların deportasiyasından sonra onların boşaltdıqları kəndlərdə, demək olar, həyat yoxdur. Bu isə o deməkdir ki, gələcəkdə soydaşlarımızın öz əzəli dədə-baba yurdlarına dönərkən məskunlaşma ilə bağlı problem yaranmayacaq. Əlbəttə ki, bu ali məqsədə nail olmaq üçün vaxtilə Qarabağ mövzusu ətrafında olduğu kimi, Azərbaycan xalqı yenə də eyni yanaşmanı nümayiş etdirməli, vahid mövqedən çıxış etməlidir.

Artıq təkcə xalqımız deyil, həm də bütün dünya ictimaiyyəti bilir ki, Azərbaycan Prezidenti heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmir. Buna görə də ən yaxın gələcəkdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi yurdlarına qayıdacaqları və tarixi ədalətin bərpa ediləcəyi artıq heç kəsdə şübhə doğurmur”.

Teqlər: