Azərbaycanın milli geyimləri uzun və çox mürəkkəb inkişaf yolu keçərək xalqımızın maddi, mənəvi mədəniyyətini özündə təcəssüm etdirir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Milli geyimlərdə xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları və toxuculuq öz əksini tapıb.
Qədim tarixə malik milli geyimlərimizə sahib olan bölgələrimizdən biri də məhz Qərbi Azərbaycandır. Bu gün adları çoxlarına bəlli olmayan Qərbi Azərbaycana məxsus geyimlər haqda önəmli məlumatları diqqətinizə çatdıracağıq.
AzerTimes Publika.az-a istinadən filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) ilə maraqlı söhbəti təqdim edir.
“Türk dünyasının zəngin geyim kolleksiyası”
Geyim mədəniyyətin tərkib hissəsi, onun bir elementidir. Hər bir xalqın özünəxas geyim mədəniyyəti var. İqlimi, coğrafiyanı, dünya görüşünü, paltarlara vurulan bəzəkləri, müxtəlif detalları nəzərə aldıqda, milli geyimlər hətta bir sıra hallarda xalqın mifoloji dünyagörüşünü də özündə əks etdirir. Bu gün bütün dünyaya yaxşı məlumdur ki, türk mədəniyyəti olduqca zəngin, cahanşümul bir mədəniyyətdir. Və bu cür zəngin mədəniyyətin həm də zəngin geyim kollekiyası var. Yeri gəlmişkən, bir faktı qeyd etmək istərdim. “Divani lüğət it-türk” əsərində Mahmud Kaşğari 216 geyimdən bəhs edib və onları 4 başlıqla qruplaşdırıb. Azərbaycan folkloru, etnoqrafiyası, geyimləri və mədəniyyəti də Böyük Türk dünyasının tərkib hissəsidir.
“Geyim sözsüz danışıqdır”
Qərbi Azərbaycan geyimləri haqqında məlumatlar əsasən aşıq yaradıcılığında əks olunur. Təbii ki, bir çox etnoqraflar, tarixçilər, sənətşünas alimlər bu haqda bəhs ediblər. Amma folklor sahəsində buna daha çox aşıq yaradıcılığında rast gəlinir. Bildiyiniz kimi, aşıqlar məclislərdə xanımları vəsf edirdilər, onların geyimlərindən, bəzək əşyalarından şeirlərində mütəmadi bəhs ediblər. Aşıqlar geyimlərin sadəcə adlarını çəkərək onlar haqqında çox səthi məlumat verməklə kifayətləniblər. Biz isə müxtəlif bölgələri gəzdiyimiz, müsahiblərlə görüşdüyümüz zaman nəinki geyimlərin adını, eyni zamanda onların hazırlanması, materialı, təyinatı, istifadə qaydaları, bölgələr üzrə dəyişməsini belə ən xırda detalına qədər araşdırırıq. Elə səxsən özüm araşdırdığım məlumatlarla söhbətimizi davam etmək istəyirəm. Çünki indi deyəcəklərim uzun illərin zəhməti bahasına əldə olunub və bu haqda geniş şəkildə ilk dəfə sizinlə bölüşürəm. Apardığım araşdırmalara, qeydə aldığım materiallara əsasən deyə bilərəm ki, geyim həm də mənim üçün sözsüz danışıqdır. Geyim həm də simvoldur. Simvol deyəndə onu nəzərdə tuturam ki, əvvəllər (etnik mədəniyyət tarixi nəzərdə tutulur-red.) insanın hansı peşənin, sənətin sahibi olduğu, evli və ya subay olması geyimi ilə müəyyənləşdirilib. Hətta insanların psixoloji vəziyyətini belə geyim tərzi ilə müəyyənləşdirmək mümkün idi. O vaxt insanlar geyimin rəngini də yaşa uyğun seçirdilər. Hamımız ənənələrin daşıyıcısıyıq və bilirik ki, o vaxt yaşlı insanlar açıq, parlaq rənglərə üstünlük verməzdilər. Məsələn, qırmızıya bir o qədər də meyl etməzdilər. Əsasən, yaşlı xanımlar tünd rəngdə geyinərdilər. Və yaxud gənc qızlar daha çox açıq, al-əlvan rənglərə üstünlük verərdilər. Müasir dövrümüzdən fərqli olaraq o vaxt kişilər qırmızı rənglərdən istifadə etməzdi. Bu, milli geyimlərimizdə yolverilməz idi. Toy və yas mərasimləri üçün geyimlər də indi kimi deyildi. İndi yas məclislərinə gedənlər toy-büsata gedər kimi geyinirlər. Etnik mədəniyyət tariximizdə isə bütün bunlara yerli-yerində əməl olunardı. Eyni zamanda saçın yığılması, hörülməsi, telin kəsilməsinə baxaraq həmin xanımın evli, subay və ya dul olmasını da müəyyənləşdirmək mümkün idi.
“Kətən köynək, ipək parça”
Geyimlərdən danışarkən ilk növbədə materiallar haqqında bilmək, məlumatlı olmaq lazımdır. Həmin geyimlərin hazırlandığı materialları düzgün araşdırmaq, öyrənmək əsas şərtdir. Xalq arasında söylənilənlərə görə, materiallar iki qrupa bölünür. Bunların birinci qismi kustar üsulla hazırlanan müxtəlif yunlardan, aşılanmış dəridən, göndən, keçədən hazırlanan materiallardır. Digər qisim isə satınalınan materiallar olan ipək, xara, atlasdır. Həmin dövrdə heç də hamının o cür parçaları almaq imkanı yox idi, ona görə də ən çox kustar üsülla hazırlanan paltarlar geyinməyə üstünlük verilirdi. Araşdırmalar zamanı müsahiblərimin dediklərindən belə qənaətə gəlinir ki, 60-cı illərə kimi, yəni sənayeləşmə başlayana qədər insanlar sadəcə milli geyimlərimizdən istifadə edirdilər. Sənayeləşmənin sürətlə artması ilə hazır paltarlar bazarları bəzəməyə başladı. Və bu proses istər-istəməz bizim bu gün milli geyim adlandırdığımız, sadə insanların gündəlik məişətdə istifadə etdikləri özümüzəməxsus geyimləri tədricən sıxışdırdı. Müxtəlif bölgələrimizdə yaşlı insanların verdiyi məlumatlara görə, o dövrdə parça istehsalı o qədər zəif idi ki, hətta top-top tənzif parçalar alıb onlardan paltar tikib geyinərdilər.
Qərbi Azərbaycan bölgəsində yundan hazırlanan materiallar üstünlük təşkil edib. Bu da bilavasitə iqlimin soyuq, dağlıq ərazi olması ilə bağlıdır. Eyni zamanda qoyunçuluq təsərrüfatı türk xalqları arasında geniş yayıldığından yundan istehsal olunan parçalardan hazırlanan geyimlər əhali arasında, xüsusilə də gündəlik məişətdə əsas yer tutub. Bundan başqa, ipək parçalardan hazırlanan geyimlərə də tələbat az olmayıb. İpək satın alınan parça növü olduğu üçün heç də hamı ondan hazırlanan paltarları alıb geyinə bilmirdi. Xüsusən də gündəlik məişətdə bir o qədər də çox istifadə olunmayıb. İpəkdən hazırlanan geyimləri daha çox toya, bayrama, müxtəlif məclislərə gedərkən geyinərdilər. Qərbi Azərbaycanda əhali arasında mahud parçalardan, keçədən, taftadan hazırlanan geyimlərin xüsusi yeri olub.
Paltarları qruplaşdırdıqda ilk növbədə alt geyim və üst geyimə baxmaq lazımdır. Bayaq da qeyd etdiyim kimi, üst geyim daha çox yundan, sərt parçalardan hazırlanırdı. Bədənə narahatlıq verməsin, incitməsin deyə alt geyimlərdə daha çox təmiz pambıq parçalardan, kətandan istifadə olunardı.
“Gülbəngi, qıdanı, dingə”
Qərbi Azərbaycan etnoqrafiyasında qadın baş geyimləri həddən artıq zəngindir. Materialları topladığım zaman o dövrdə qadınların daha çox kəlağayılardan istifadə etdiklərinin şahidi oldum. Yeri gəlmişkən, qərbi azərbaycanlıların əksəriyyəti kəlağayıya gülbəngi deyirlər. Kəlağayıdan sonra onun üstündən qıdanı adlanan yüngül baş geyimi bağlanırdı ki, kəlağayı başdan sürüşüb düşməsin. Qərbi azərbaycanlıların özünəməxsus baş geyimlərindən biri də dingə adlanır. Ondan daha çox Ağbaba- Şörəyöl bölgəsində istifadə olunardı. Başına dingə qoyan hər bir xanım istisnasız evli sayılırdı. Subay xanımlar dingədən istifadə etməzdilər. Dingə araqçına bənzər baş geyimidir. Qərbi Azərbaycan əhalisi arasında dingənin müxtəlif formaları olub: Sadə, mürəkkəb, gündəlik və ya müxtəlif məclislərə gedəndə istifadə olunanlar. Yaşlı insanlar hətta onu kəlağayının altından qoyardılar. Araşdırmalar zamanı müsahiblərimdən biri dedi ki, onun 90 yaşlı nənəsi ömrü boyu dingədən istifadə edib.
“Baxanda başında dingə görünməzdi, çünki adətən yaşlı qadınlar bir neçə yaylıqdan istifadə edərdilər. Qıdanının üstündən nazik yaylıq, şal bağlayardılar. Nənəm başını açanda görürdük ki, başında sadə dingə var. Nənəm onu heç vaxt başından çıxarmazdı. Deyərdi ki, bunu başımdan çıxarsam başım ağrıyar”. Yəni o qədər vərdiş edərdilər dingədən istifadəyə.
Dingənin sadə növü daha çox gündəlik məişətdə istifadə olunardı.Nisbətən yüngül parçalardan hazırlanırdı. Onun bir qədər mürəkkəb növü, yəni məclislərə taxılan dingələr eyni zamanda status bildirərdi. Yəni o dingənin ön hissəsi hökmən sikkələrlə bəzədilərdi. Bunlar adətən gümüş və qızıl sikkələr olardı. Dingənin üzərində olan o sikkələrin sayına görə qadının sosial statusunu, cəmiyyətdə tutduğu mövqeyini müəyyənləşdirmək mümkün idi. Dingələrin daha mürəkkəb formalarında onların arxa hissəsində yumru halqaya bənzər yer qoyulardı. Həmin bu yumru yerdən saçı yığmaq üçün istifadə olunardı. Dingənin birçəklərin qırağından pullar sallanan forması da olub. Onu adətən başa qoyandan sonra üstündən yaylıq bağlayardılar. Və dingənin ortasında olan bəzəkləri qadının gözünün üstünə qədər sallanardı. Çöl, bayır, müxtəlif məclislər üçün nəzərdə tutulan dingələr dəbdəbəli hazırlandığı üçün tafta parçalardan tikilərdi. Taftadan hazırlanan dingələr yaylığın altında şax dayanardı. Bu dingələri başda saxlamaq elə də asan deyildi, çünki ağır olardılar. Qeyd etdiyim kimi, bu dingələr müxtəlif bəzək əşyaları ilə bəzədildikləri üçün onları daşımaq asan başa gəlmirdi. Məhz ona görə də evdə istifadə edilən dingələr nisbətən daha yüngül parçalardan hazırlanar, nisbətən az bəzək-düzəkli olardı.
“Buxara papaq, keçə yapıncı”
Qərbi azərbaycanlıların kişi baş geyiminə gəlincə, motal və buxara papaqlardan daha çox istifadə edilib. Kişi geyimlərində isə mahuddan, keçədən hazırlanan paltarlar, yapıncılar aktual olub. Yapıncının kişi geyimləri arasında xüsusi yeri var. O bir geyim növü kimi paltonu əvəzləyirdi. Yapıncı insanı istidən, soyuqdan qorumaqla yanaşı, eyni zamanda yataq rolunu da oynayardı. Keçədən hazırlandığı üçün çöldə, bayırda ona bürünüb rahatlqla yatmaq mümkün idi. Bundan başqa arxalıq, əba kimi geyimlər daha çox mahud parçalardan tikilib.
“Qısa qöcük, uzun nimtənə”
Qərbi azərbaycanlıların qadın üst geyimlərində isə qöcük (köynək), nimtənə (qadın üst geyimi) daha çox üstünlük təşkil edib. Qöcük qısa köynək, nimtənə isə bir qədər uzun bərli-bəzəkli köynək hesab olunardı.
“Kirmani və şirvani çarıqlar”
Ayaqqabılara gəlincə, onların arasında çarıqların xüsusi yeri var. Göyçə bölgəsinin sakinlərindən daha çox çarıqlar haqqında məlumat toplamışam. Çarığın iki cür adı var: kirmani və şirvani. Əslində onlar arasında elə də böyük fəqr yoxdur və hər ikisi eyni çarıq növüdür. Sadəcə Şirvan bölgəsində çarıqlar çox tikildiyi üçün o bölgədə daha məşhur olub. Bu çarıqlardan kişilərlə yanaşı qadınlar da istifadə edib. Çarıqların özünəməxsus tikilmə qayadası olub. Çarıqlar göndən tikilərdi, ipləri isə yundan, qəzildən toxunardı. Həccə, ticarətə gedənlər məhz bu çarıqlardan istifadə ediblər.
“Qatbaqat imam halvası”, “Yekəbaş Söyün”
Geyimin özü önəmli olduğu qədər, geyimin səliqəsi, geyinmə tərzi də xalqımız arasında ta qədimdən xüsusi önəm kəsb edib. Adi bir fakt deyim sizə. Mən imam halvası ilə bağlı maraqlı araşdırma ilə qarşılaşdım. Həmin yazıda imam halvasının qatbaqat bükülməsindən söhbət gedir. Söhbət zamanı söyləyici geyimlə bağlı maraqlı detalı açıqladı. Dediyinə görə, elə adamlar olurdu ki, yeddi-səkkiz köynəyi üst-üstə geyinib çölə çıxardılar. O zaman həmin adamlarla “bu nədir imam halvası kimi qatbaqat geyinmisən” deyə zarafat edərdilər. Yəni geyinmə tərzi, geyimin səliqəsinə xüsusi önəm verərdilər. Qərbi Azərbaycanın Əştərək rayonunun Uşu kəndində məşhur rəqqas olub. Ona el arasında “Yekəbaş Hüseyn” deyərmişlər. Bu rəqqas yeddi-səkkiz cür havaya xüsusi rəqs edərmiş ki, onlardan biri də “Sarı gəlin” mahnısı olub. Bütün mahal onu toylara çağırardı. O qədər dəvət olardı ki, çatdırıb hamısına gedə bilmirdi. Həmin müsahibim deyirdi ki, “Yekəbaş Hüseyn”in paltarı o qədər şax olardı ki, paltarı göydən tutub yerə salsaydın yenə də olduğu kimi şax dayanardı.
“Sim pəhləvanları”
Yeri gəlmişkən, Əştərək rayonunda “sim pəhləvanlar”I (kəndirbazlar-red.) olub. Ümumiyyətlə, qərbi azərbaycanlılardan sim pəhləvanları haqqında maraqlı məlumatlar toplamışam və “Qərbi Azərbaycan folkloru” birinci cildə bütün bu məlumatları daxil etmişəm. Sim pəhləvanlarından danışanda onların geyimi diqqətimi çəkdi. Söyləyicinin sözlərinə görə, pəhləvanların geyimi də xüsusi olardı. Onların yaxalıqları və bellərinin kəmərləri xüsusi zərlərlə işlənərdi. Altdan şux rənglərdə atlas köynək geyinərdilər. Üstdən məxmər parçadan hazırlanan xüsusi geyimləri olardı. Onların geyimləri məxsusi göz oxşayardı. Eyni zamanda simdə gəzən xanımlar da var idi. Onlar “innabı”, “nəlbəki” rəqsləri altında nazlana-nazlana ləngər vura-vura hərəkət edərdilər. Bu xanımların libası Novruz bayramında istifadə olunan milli geyimlərimizə bənzəyərdi. Sadəcə onların ətəkləri bir az qısa olardı ki, simdə rahatlıqla hərəkət edə bilsinlər. Bununla da geyimlərə əsasən kimin hansı peşə sahibi olduğunu bilərdilər.
Sonda bir məqamı da qeyd etməliyəm ki, hər bir xalqı var edən onun dəyərləridir. Əgər bu dəyərlər yoxdursa demək ki, tarix səhnəsində yoxsan. Odur ki, dəyərlərimizə sahib çıxmalıyıq.
Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın milli geyimlərinin təbliği – “Ənənədən gələcəyə” adlı layihə çərçivəsində hazırlanıb.