2010-2013-cü illərdə dünyada vəziyyət dəyişdi, Ermənistana həm Qərb, həm də Rusiyadan təzyiqlər artdı. İrəvan bir çox məsələlərdə güzəştə getməyə məcbur oldu.
AzerTimes xəbər verir ki, bunu erməni analitik Vardan Akopyan deyib.
“2018-ci ildə isə Ukraynada olduğu kimi, Ermənistanın xarici siyasətini dəyişmək üçün rəngli inqilab planlaşdırıldı. Siyasət o qədər dəyişib ki, indi regionda və Ermənistanın xarici əlaqələrində nə baş verdiyini anlamaq çətindir. Yalnız bir məqsəd var: Rusiya və Rusiya hərbi bazalarını çıxarmaq. Bu 6 il ərzində hazırki hakimiyyət addım-addım ona yaxınlaşır. Sadəcə olaraq, Ermənistan antirusiya xarici siyasəti yürüdürsə, o zaman onun İran və ya Hindistanla inkişaf etdirdiyi münasibətlərin mənasının nə olduğu aydın deyil. Görürük ki, Ermənistan qeyri-ittifaq dövlətinə çevrilir, formal olaraq alyanslar var: MDB, KTMT, amma praktikada buna qarşı addımlar atılır. 2017-ci ildən İrəvana Qərbin təzyiqləri artıb, 2018-ci ildən isə Ermənistanın beynəlxalq münasibətlərdə artıq əldə etdiyi əlaqələr zəifləməyə başlayıb. Məncə, İrəvan nə etdiyini bilmir, sadəcə olaraq kənardan müəyyən göstərişlərə əməl edir. Bu, azmış hakimiyyətin xarici siyasətidir, nəticədə Ermənistan bir çox xarici maraqların toqquşma meydanına çevrilib. Bu iqtidarın indiyə qədər xarici siyasət konsepsiyası yoxdur, ağlına gələni söyləyərək anlıq bəyanatlar verir. Xalqımız hamıya lazımsız olub, xalqın mənafeyini güdən liderimiz yoxdur. Belə davam edərsə, Ermənistan Sovet İttifaqı dövründə olduğundan daha betər, yad hökmdarlıq ərazisinə çevriləcək”, – o bildirib.