Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda hərbi əsir yoxdur, atəşkəs bəyanatından sonra, yəni sülh dövründə ölkəmizin ərazilərinə soxularaq cinayətlər törədən silahlı təxribatçı, terrorçu dəstənin antiterror əməliyyatı nəticəsində saxlanılan üzvləri var. Onlar da qanunvericiliyimizin tələblərinə uyğun olaraq, istintaqa cəlb olunublar və törətdikləri cinayət əməllərinə görə məhkəmə qarşısına çıxarılacaqlar. Bunu məsələ ilə bağlı manipulyasiya edən, yalan məlumatlar yayan Ermənistan rəhbərliyi də, bu yalan məlumatlar əsasında ölkəmizə qarşı qarayaxma kampaniyasına rəvac verənlər də yaxşı bilirlər.
Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli bildirib ki, Almaniyanın xarici işlər naziri Mixail Rot da daxil olmaqla, bütün Qərb siyasətçiləri məsələnin mahiyyətini kifayət qədər yaxşı bilirlər və indiki şəraitdə erməni yalanları üzərindən səsləndirdikləri fikirlər siyasi avantüradan başqa bir şey deyil:
“Mixail Rot üçüncü Reyxin süqutundan, yəni Hitler Almaniyasının kapitulyasiyasından sonra müttəfiq qüvvələrin nəinki silahlı dəstələrə, hətta əlinə təsadüfən silah alan yeniyetmələrə və gənclərə qarşı necə davrandıqları, belələrinin hətta əsir götürülmədiklərini və yerindəcə güllələndikləri barədə də, yəqin ki, məlumatlıdır. Mixail Rot yüksək ranqlı diplomat kimi, Beynəlxalq Humanitar Hüququn əsasını təşkil edən Cenevrə konvensiyalarının heç birində hərbi əməliyyatlar başa çatdıqdan, sülh sazişi, yaxud kapitulyasiya aktı imzalandıqdan sonra baş verən silahlı insidentlərin, təxribat xarakterli hərəkətlərin heç birinin bu konvensiyaların heç birinin hüquqi təsiri altına düşmədiyini də bilmək məcburiyyətindədir.
Nə Cenevrə hüququnda, nə də Haaqa hüququnda sülh, yaxud kapitulyasiya aktı imzalandıqdan, yəni müharibədən sonra konkret ölkənin ərazisində cinayət törədən fərdlər, yaxud dəstələr haqqında heç nə yoxdur. Çünki onlar cinayət törətdikləri ölkənin qanunları ilə mühakimə olunurlar. Mixael Rotun münaqişənin həllində heç bir rol oynamayan ATƏT-in Minsk Qrupunun münaqişədən sonrakı vəziyyətin nizamlanmasında iştirakından danışması, əslində ölkəmizə qarşı aparılan bu kampaniyanın mahiyyətini ortaya qoyur. Azərbaycanda saxlanılan təxribatçı, terrorçu dəstənin üzvləri ilə bağlı qoparılan ajiotajın təməlində, status məsələsi kimi gorbagor olmuş ATƏT-in Minsk qrupunun həmsədrlik institutunu xortlatmaq və regiona təsir imkanlarını qoruyub saxlamaq niyyəti dayanır. Çünki Azərbaycanın öz torpaqlarını azad etməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və onların peyk dövlətlərinin münaqişədən istifadə etməklə region dövlətlərinə təsir etmək imkanlarını minumuma endirib”.
E.Mirzəbəyli vurğulayıb ki, Mixael Rotun millət vəkili Rəfael Hüseynovun Ermənistan tərəfindən Azərbaycanın azad olunmuş torpaqlarını minalaması, mina xəritələrini təqdim etməməsi və dinc insanların minalara düşərək dünyasını dəyişməsi, yaralanması ilə bağlı sualına əhəmiyyət verməməsi də, elə bu amildən qaynaqlanır: “Müharibənin dayanması, bölgəyə sülh gəlməsi və digər bu kimi amillər Qərb siyasətçiləri, o cümlədən Almaniyanın xarici işlər naziri üçün prioritet deyil. Onlar, əksinə, minalanmış sahələrin xəritələrinin Azərbaycana verilməməsini və nəticədə daha çox insanın ölməsini, hər insan ölümü ilə düşmənçilik münasibətlərinin daha da dərinləşməsini istəyirlər. Onlar üçün münaqişəni yenidən alovlandıra biləcək amillərin qorunub saxlanılması lazımdır ki, bölgə xalqlarının taleyini geosiyasi uzlaşdırma üçün piştaxtaya çıxara bilsinlər”.