Qərb mediası: Azərbaycan Ordusunun qarşısına çıxmaq…

Qərb mediası: Azərbaycan Ordusunun qarşısına çıxmaq…

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür! Əlbəttə, bu gün bizimçün həmişə əziz olub, lakin 44 günlük müharibədəki tarixi Zəfərimizdən sonra onu daha dərin məzmunlu, daha anlamlı və yüksək ovqatla keçiririk.

Şadıq: əcdadın ruhunu şad etmiş, işğalçılara və dəstəkçilərinə tarixi dərs vermişik!

Qürurluyuq: şəhidlərimizin qanı yerdə qalmayıb!

Bayramlaşırıq: Silahlı Qüvvələr Günümüz dünya azərbaycanlılarının əsl bayram kimi qutladığı bir bayramdır!

31 illik deyil, ən azı 104 illik tarixcə…

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü öz əsasını 1918-ci ildən alan, milli silahlı qüvvələrin formalaşması prosesinin önəmli mərhələlərini ifadə edən əziz gündür. Xalq Cümhuriyyətindən öncə də müstəqil dövlətlərimiz, o dövlətlərin orduları olub, lakin söhbət aid olduğumuz indiki coğrafiyada minbir zəhmətlə qurulmuş milli dövlətdən, onun ordusundan gedir: Azərbaycan Respublikası məhz Cümhuriyyətin varisidir və Cümhuriyyət dövrü sənədli-sübutlu tarixi – daha yaxın tarixi təcəssüm etdirməkdədir.

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Xalq Cümhuriyyətimiz cəmi 23 ay yaşamasına baxmayaraq, ölkəmizdə ordu quruculuğu sahəsində önəmli addımlar ata bilib. Milli hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu adlandırılması milli silahlı qüvvələrin yaradılması yönündə çox vacib (tarixi!) addım olub.

Təəssüf ki, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə milli ordu quruculuğu prosesi də dayandırılıb. Çar Rusiyasında olduğu kimi, SSRİ dövründə də azərbaycanlılar əsasən qeyri-döyüş təlimləri ilə məşğul olan hərbi bölmələrə – “işçi batalyon”lara göndərilirdi. Yalnız Ümummilli lider Heydər Əliyevin respublikada ali hakimiyyətə gəlişindən sonra, onun danılmaz xidmətləri sayəsində respublikamızda hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev ali hakimiyyətə gəlməsinin iki ili tamam olmamış – 19 aprel 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan ocağın – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin (indiki liseyin) yaradılmasına nail oldu. Yaradılmasının 50-ci ildönümü ötən il tamam olmuş məktəbin hazırkı şüarı da, yerləşdiyi küçənin adı da, bütövlükdə məramı-məqsədi də dərin anlam və mühüm rəmz daşıyır: “Xətai rayonu, Polad Həşimov küçəsi” ünvanında yerləşən liseyin şüarı “Bütöv Azərbaycan naminə”dir!

Artıq geniş ictimaiyyətə bəllidir ki, bu liseyin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, Azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarıb. Və Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi lisey ordu quruculuğunun əsas bazalarından birinə çevrilib. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də, keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması Ümummilli lider Heydər Əliyevin titanik səyləri sayəsində mümkün olub.

Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə qayıdışından– 15 iyun 1993-cü ildən sonra, özəlliklə, 24 iyundan (Ali Sovetin sədri olaraq Prezident səlahiyyətlərinin icrasına da başlamasından) sonra nizami ordu quruculuğu yönündə mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında “Bişkek Protokolu” imzalandı. Məhz bundan sonra Azərbaycanda nizami milli ordunun formalaşması prosesi daha da sürətli və keyfiyyətli şəkil aldı. Siyasi iradə və uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması (və döyüş ruhunun yüksəldilməsi!) işinə özəl diqqət ayrıldı.

Hər il rəsmi dövlət bayramı kimi qeyd edilən 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunması da Ümummilli liderin adı ilə bağlıdır. Məhz Heydər Əliyev 22 may 1998-ci il tarixli Fərmanla 1918-ci ildəki əlamətdar günü əsas aldı və 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. (Həmin Fərmanadək Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi 9 oktyabr bayram edilirdi).

Hər hansı günün bayram edilməsi yaxşı əlamətdir, lakin o anlamlı günə hesabatlı olmaq, Vətənə xidmət mahiyyət və məzmunu daşıyan işlərin görülməsi daha vacibdir. Heydər Əliyev bu anlamda önəmli tarixi təşəbbüslərin, ideyaların müəllifi və onları gerçəkləşdirən lider idi.

Ümummilli lider hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Akademiyanın təsis olunması, heç şübhəsiz, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyətcə yeni inkişaf mərhələsini təşkil etdi. Prezidentin 20 avqust 2001-ci il tarixli Fərmanı isə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblərin, uyğun olaraq, Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılması ilə bağlı oldu.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ordu quruculuğu müstəqil dövlətimizin prioritetinə çevrildi. Ordu dövlət müstəqilliyimizin, təhlükəsizliyimizin əsas qarantı missiyasına layiq şəkildə gücləndirildi. Bu siyasət, mərhum Xalq şairimiz Zəlimxan Yaqubun sözlərini yada salır: “Ordum varsa, yurdum var”! – Bəli, sonrakı illər də göstərdi ki, güclü ordu nələrə qadirdir. 2016-cı ilin Aprel döyüşlərini, 2018-ci ilin Günnüt əməliyyatını, 2020-ci ilin iyulunda Tovuzdakı sərhəd toqquşmasını (12-16 iyul Tovuz döyüşləri), nəhayət, 44 günlük müharibəni vurğulamaq yetərlidir ki, güclü Ordunun ölkə üçün nə demək olduğu daha aydın görünsün.

***

Heç şübhəsiz, Ordudan danışırıqsa, milli müdafiə sənayesindən söz açmamaq mümkün deyil. Ümummilli liderin atdığı təməllərə əsaslanan siyasət nəticəsində qurulan Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının önəmli göstəricilərindən sayılır. Belə uğurlar Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz və vacib imkanlar yaradıb.

Milli Ordunun döyüş qabiliyyətinin, müdafiə qüdrətinin artırılması, eləcə də, maddi-texniki təchizatının yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir. Ümummilli liderin siyasi kursunu ləyaqətlə davam və inkişaf etdirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin maddi-texniki təchizatının yenilənməsinə, hərbi qulluqçuların sosial müdafiəsinə, onların mənzil təminatının yaxşılaşdırılmasına, eləcə də, müdafiə sənayesinin inkişaf etdirilməsinə və s. hər zaman özəl diqqət və qayğı ilə yanaşır.

Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar və başqa hərbi təyinatlı məhsullar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi önəmli dərəcədə təmin etmək gücünə yiyələnib. Bundan başqa, silah və hərbi texnikaların satın alınması, hərbi məhsulların istehsalı ilə bağlı bir sıra ölkələrlə müqavilələr də imzalanıb. Hərbi işbirliyi genişləndirilməkdə olan bir sıra ikitərəfli hərbi əlaqələrin uğuru kimi şərh oluna bilər. Bir sözlə, günün tələblərinə, çağın ən mürəkkəb vəzifələrinə cavab verən, elektron hərbin nailiyyətləri ilə təmin olunmuş güclü Ordu quruculuğu Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindən biridir. Artıq neçə ildir ki, Azərbaycanda hərbi xərclər Ermənistranın hərbi xərcləri ilə deyil, ümumdövlət xərcləri ilə müqayisə olunur. Bu üstünlüyün nəticəsini, təntənəsini görmək üçün uzağa getməyə, ayrı-ayrı faktlar sadalamağa ehtiyac yoxdur. 44 günlük müharibənin gedişatı və əldə olunan tarixi Zəfər çox şeyi ifadə edir.

Qafqazın ən güclüsü…

Bu gün Qafqazlarda ən çağdaş ordu hesab olunan Azərbaycan Ordusu dünya orduları sıralamasında da özünəxas (əhali sayı, ərazi və digər xarakterik amillərə əsaslanan) hörmətli yerə sahibdir. Bir sözlə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə ölkəmizin hərbi qüdrətini artıran dövlət siyasətinin şahidiyik. Prezidentin özünün dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”. – Bu sözlərin ən yaxın aylardakı təntənəsinin təsdiqi kimi Komando birliklərinin yaradılmasını vurğulaya bilərik. 44 günlük müharibədə qazanılan tarixi Zəfər, yaranmış yeni gerçəkliklər ordu quruculuğumuzda da müəyyən islahatları zəruri qılıb.

İlk Komando hərbi hissənin açılışı 24 dekabr 2021-ci ildə Xocavəndin Hadrut (Ağoğlan) qəsəbəsində gerçəkləşdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev açılışda nitq söylədi, yeni təyinatlı hərbi hissənin önəminə diqqət çəkdi: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”.

Bunun ardınca başqa bir yeniliyin şahidi olduq. Bu, Milli Müdafiə Universitetinin yaradılması ilə bağlıdır. Azərbaycan Ordusunun qardaş Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin yüksək standartlarına uyğunlaşdırılması yönündə həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmə təkmilləşdirilir. Bu məqsədlə artıq Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycan Prezidentinin 05 mart 2022-ci il tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazasında Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə adlı iki institut yaradılıb. H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbisə fəaliyyətini H.Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Ordumuzun Təlim və Tədris Mərkəzi, C.Naxçıvanski adına Hərbi lisey və H.Əliyev adına Hərbi lisey də, yeni yaradılan Milli Müdafiə Universitetinin tərkibinə daxil edilib.

Beynəlxalq etiraf

Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın “Milli Müharibə” Kollecinin (“National War College”) və “Seton Hall” Universitetinin “Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi”nin analitik nəşrlərində Ordumuzun hərbi taktikası öyrənilərkən belə qənaət hasil olub ki, Azərbaycan Ordusunun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. 44 günlük müharibədə tətbiq edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və uyğun ali hərb məktəblərinin proqramlarına, dərsliklərinə salınır. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsin vacibliyini vurğulayır.

Şanlı Ordumuzla qürur duyuruq!

Bu əziz bayram ərəfəsində əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralı qazilərimizə şəfalar diləyir, döyüşlərdə iştirak etmiş bütün Vətən oğullarına minnətdarlığımızı bildirirəm!

Dövlətimiz var olsun!

Teqlər: