Türkiyədə mayda keçirəcək seçkidə iqtidar partiyası AKP-ni Rəcəb Təyyib Ərdoğan, ana müxalifət partiyası CHP-ni isə Kamal Kılıçdaroğlu təmsil edəcək. Sirr deyil ki, Qərb Tayyib Ərdoğanın prezident olmasını istəmir. Niyə istəmir?
AzerTimes xəbər verir ki, bu mövzuda Avropada yaşayan jurnalist Elbəyi Həsənli araşdırma aparıb.
O bildirib ki, suala Qərbin öz dilindən verilmiş cavablar var:
“Sitatlar “Vaşinqton Post” qəzetində gedən “2023-cü ildə dünyanın ən mühüm seçkisi Türkiyədə olacaq” (The World’s Most Important Election in 2023 Will Be in Turkey”) adlı məqalədən götürülüb. 2023-cü ilin 9 yanvarında çap olunan yazı siyasi təhlilçi Bobbi Goş tərəfindən qələmə alınıb.
O yazır ki, Türkiyədəki seçkinin nəticəsi “Vaşinqton və Moskvada, eləcə də Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikadakı paytaxtlarda geosiyasi və iqtisadi hesablamaları formalaşdıracaq. “Royal United Services Institute for Defense and Security Studies”in baş elmi işçisi Ziya Maral deyir: “Türkiyədə baş verənlər təkcə Türkiyəni etkiləməyəcək… Türkiyə orta gücə sahib ölkə hesab oluna bilər, lakin Türkiyədəki seçkidə böyük dövlətlərin özəl maraqları var”.
Gördüyünüz kimi, birmənalı olan odur ki, Türkiyədəki seçkinin istənilən nəticəsi dünyanın siyasi, iqtisadi və hərbi mənzərəsinə yeni nizam verəcək. Yəni heç bir şey əvvəlki kimi olmayacaq – fərq eləməz, Ərdoğan və ya Kılıçdaroğlu prezident seçilsin – hər iki halda dünya çapında ciddi dəyişikliklər olacaq. Amma fərqli istiqamətlərdə…
Məqalədə deyilir ki, Qərb liderləri Ərdoğanın iqtidardan getməsinə şad olacaqlar: “Ərdoğan Rusiyadan raketdən müdafiə sistemləri almaqla NATO-nun təhlükəsizliyini (Yunanıstana isə belə bir irad bildirilmir – red.) pozdu, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü əngəlləməklə alyansı məyus etdi, dəfələrlə Avropanı qaçqınlarla doldurmaqla hədələdi və son aylarda Yunanıstana qarşı getdikcə daha döyüşkən ritorikadan istifadə etdi. Ankaranın Vaşinqtonla münasibətləri o həddə qədər gərginləşib ki, yüksək səviyyəli türk rəsmiləri ABŞ-ı Ərdoğana qarşı dövlət çevrilişini dəstəkləməkdə və terrorçu qruplarla əməkdaşlıqda suçlayırlar.
ABŞ və Avropa Ərdoğanın dünyadakı proseslərə pozucu təsirindən narahatdır, xüsusən Qərbin Vladimir Putinlə qarşıdurması gücləndiyi bir vaxtda bu, heç arzulanan deyil. Ərdoğanın tərəfmüqabili kimi faydası məhduddur: Keçən ilin yayında o, Ukraynadan taxıl və bitki yağı axınının davam etdirilməsinə dair razılaşmanın əldə olunmasına kömək etsə də, Ərdoğan “əziz dostu” Vladimirə heç bir maneə törətmədi”.
“Vaşinqtonun və Avropa paytaxtlarının xarici siyasət dairələrində bir çoxları onun Qərbə qarşı soyuqluqdan geri çəkilə biləcəyinə ümid bəsləsələr də, Ərdoğanın dünyagörüşü əksər qərblilərin düşündüyündən daha radikaldır. Ərdoğanın rəsmi Ankaranın getdikcə daha çox nüfuz etdiyi Türkiyənin yaxın qonşuluğu ilə bağlı ambisiyaları Amerika və Avropanın təsirini tamamlamaq deyil, “onları əvəz etmək və onlara qarşı çıxmaqdır”, – politoloq Səlim Koru deyir”.
E.Həsənli qeyd edib ki, məqalədən çıxan nəticə budur: Türkiyə qonşu ölkələrə getdikcə daha çox nüfuz edir, ABŞ və Avropa İttifaqı istəyir ki, Türkiyə həmin ölkələrdə özünün yox, Qərbin maraqlarından çıxış etsin, Qərbin maraqlarının təmsilçisi qismində yer alsın. Türkiyə isə nəinki bunu etmir, tam əksinə, Qərbin maraqlarına qarşı çıxır və öz maraqlarını daha kəskin şəkildə qabardır:
“Biz bunu Türkiyənin Cənubi Qafqaza bağlı yeritdiyi siyasətdə aydın gördük. Aydındır ki, Türkiyə Cənubi Qafqazda Qərbin marağından çıxış etsəydi, ən azı Azərbaycana siyasi və hərbi dəstək verməməli idi…
Yenidən məqaləyə qayıdıram: “İstanbul EDAM analitik mərkəzinin direktoru Sinan Ülgen deyir ki, Ərdoğan məğlub olarsa, “onun varisi Türkiyəni Qərb üçün daha rahat olan fərqli bir xarici siyasət aktoruna çevirəcək”.
“Ancaq bu baş versə belə, heç kim sürətli 180 dərəcə dönüş gözləməməlidir. Ərdoğanın türk qurumlarını – hökuməti, ordunu, akademik dairələri, dini qurumları və medianı radikal dünyagörüşünə kökləmək üçün 20 il vaxtı olub. Yeni prezident gəlsə, Ərdoğanın tikdirdiyi binanı sökməli olacaq. Bunu həyata keçirmək çətindir, çünki Ərdoğanın AK Partiyası parlamentdə əhəmiyyətli bir varlıq olaraq qalacaq, dəyişikliyə şiddətlə müqavimət göstərəcək”.
Bir daha xatırladım ki, bu məqalə bu il yanvarın 9-da yazılıb. Onda hələ Türkiyədə zəlzələ olmamışdı, “Altılı masa (+HDP)” müxalifətin vahid namizədi kimi Kamal Kılıçdaroğlunu seçməmişdi.
Sözügedən məqalədə deyilir ki, “Ərdoğanın üstünlük verdiyi rəqib CHP-yə 12 il rəhbərlik edən bir qədər rəngsiz (solğun) veteran siyasətçi Kılıçdaroğludur. Bir çox türk politoloq deyir ki, daha gənc, daha xarizmatik İmamoğlu daha güclü rəqib olacaq”.
Şübhəsiz ki, İmamoğlunun şansı daha yüksək idi. Ancaq “Altılı masa” sanki Tayyib Ərdoğanın sifarişi ilə Kamal Kılıcdaroğlunu önə verdi…
Mənim baxışıma görə, Ərdoğanın böyüklüyü ondadır ki, o, Türkiyəni ABŞ başda olmaqla Qərbin caynağından qoparmağa çalışır, heç şübhəsiz ki, o, bir daha prezident seçilsə, Türkiyə Qərbin əsarətindən birdəfəlik qurtulacaq. Qərb Türkiyənin Osmanlı əzəmətinə dönüşünün qarşısını almaq üçün Ərdoğan iqtidarını 2023-cü ildə bitirmək istəyir. Bitirə bilməsə, Türkiyənin inkişafının qarşısını almaq mümkün olmayacaq…
Məsələ belədir: Türkiyə qüdrətli dövlət olmaq istəyirsə, öz maraqlarından çıxış etməlidir. Yox əgər Türkiyə Qərbin əlaltısı qismində mövcud olmaq istəyirsə, onda ABŞ-ın çaldığı ilə oynamalıdır…
Ancaq məqalədə də deyildiyi kimi, Türkiyəni Qərbin təlimatı ilə idarə etmək bundan sonra çox çətin olacaq. Hətta müxalifət seçkidən qalib çıxsa belə, AKP Türkiyənin Qərbin təlimatları ilə idarə olunmasına şiddətli müqavimət göstərəcək…
Əlbəttə, Türkiyə Qərbə qarşı düşmən mövqedə olmalı deyil. Ancaq Qərblə münasibətdə Türkiyə öz maraqlarını arxa plana ata da bilməz. Atsa, Türkiyə super-gücə çevrilə bilməz. Ona görə də Türkiyə öz milli və dövlət maraqlarını Qərblə uzlaşdıraraq qarşılıqlı anlaşma şəraitində yoluna davam etməlidir. Qərblə münasibəti kəskinləşdirmək Türkiyəyə qətiyyən lazım deyil. Əksinə, münasibətləri mümkün qədər yumşaltmaq və anlaşma nöqtələrinə istinad etməklə irəliləmək lazımdır. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Ancaq ən optimal yol budur…”