Qərb bütün gücü ilə Ərdoğana qarşı: ona niyə nifrət edirlər?

Qərb bütün gücü ilə Ərdoğana qarşı: ona niyə nifrət edirlər?

Qərb mətbuatı bütün gücü ilə Ərdoğana qarşı təbliğatı aparır. Həm də bu, illərdir ki, davam edir. Sadəcə, seçki ilə bağlı bu kampaniya daha həyasız şəkildə ortadadır.

AzerTimes xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, Qərbin Ərdoğana niyə nifrət etdiyinin səbəbi sadədir:

“Tayyib Ərdoğan Amerikanın liderlik etdiyi Qərbə baş əymir. Ərdoğan nə istəyir? İstəyir ki, Türkiyə Osmanlı keçmişinə layiq qüdrətli bir ölkəyə çevrilsin. Bunun üçün də çağdaş texnologiyalara söykənən hərbi sənaye kompleksi yaradıb. Qərb NATO-da müttəfiqi olan Türkiyənin texniki sahələrdə inkişafının qarşısını almaq üçün bütün yaramazlıqlara əl atdı. Ancaq bu prosesin qarşısını ala bilmədi. Qərbə lazım olan odur ki, Türkiyəni müxtəlif yollarla yenə istismar etsin”.

Jurnalist Ərdoğanın avtoritar idarəçiliyə üstünlük verdiyi, Qərbin isə Türkiyəni demokratik ölkə kimi görmək istədiyi haqda iddiaları aşırı sadəlövhlük adlandırıb:

“Qərbə üçün vacib olan odur ki, Türkiyədə nə rejim olursa olsun, ancaq həmin rejim Qərbin çaldığı ilə durub-otursun. Məsələnin mahiyyəti bundadır. Ancaq cənab Ərdoğan Türkiyənin çıxarlarından çıxış edərək müstəqil siyasət yeridir. İmkan daxilində Qərbin maraqlarını arxa plana atır.

Kamal Kılıcdaroğlu Qərbin uşağıdır. Nikol Paşinyan kimi bir şeydir. Beləsindən Türkiyəyə xeyir gəlməz. Əksinə, beləsinin gəlişi ilə Türkiyə PKK-çı kürdlərin və ermənilərin nəzarəti altına keçər. Şəxsən mən Türkiyədə əhalinin 45 faizinin Kamal Kılcdaroğluna səs verməsini böyük rüsvayçılıq hesab edirəm. Çünki Kamal Kılçcdaroğluna səs vermək elə Türkiyənin yenidən Qərbə nökər olmasına razılıq vermək kimi bir şeydir.

Tayyib Ərdoğan da nə vaxtsa siyasətdən gedəcək. Ancaq o, iqtidarı Türkiyənin növbəti siyasi liderinə əmanət edərək getməlidir. Ərdoğanın yerinə gələn, yəni türk xalqının gələcəkdə seçəcəyi adam Qərbin imperialist maraqlarına yox, Türkiyənin, Türk Dünyasının maraqlarına xidmət etməlidir. Özü də bu, təkcə Türkiyəyə aid deyil. Azərbaycanda da bu, belə olmalıdır”.

E.Həsənli qeyd edib ki, Qərbin, xüsusən Amerikanın bütün səylərinə baxmayaraq, Tayyib Ərdoğan 14 mayda keçirilən seçkidən uğurla çıxdı. Parlament seçkilərini böyük üstünlüklə uddu. Prezident seçkisinin II turunda da onun qələbə çalacağı qaçılmaz görünür:

“Türkiyənin Qərbə dirəniş göstərməsi böyük önəm daşıyır. Siyasətdən başı çıxan adamlar yaxşı bilir ki, bu dirəniş olmadan Türkiyə qlobal gücə çevrilə bilməz.

Cənab Ərdoğanın Qərbə müqavimət göstərməsi sizə asan gəlməsin. Diqqət edin, ABŞ Pakistan kimi möhtəşəm bir müsəlman ölkəsində nə istəyirsə, onu da edir. Deməli, Amerika Pakistanda İmran Xanı iqtidardan uzaqlaşdırdı, bununla da kifayətlənmədi. İmran Xanı siyasətdən silmək üçün onun həbsinə də qərar verdi. Sonrasını bilirsiz. Pakistan xalqının ayağa qalxmasından sarsılan iqtidar İmran Xanı və onun xanımını həbsdən azad etməli oldu.

Yaxşı, Amerika nədən İmran Xanı iqtidarını devirdi? Hindistanın “Ekonomik Tayms” qəzeti bu məsələ ilə bağlı belə yazır: “Hərbçilərin hakimiyyəti birbaşa və ya dolayı yolla əlində saxladığı və heç bir baş nazirin səlahiyyət müddətini tamamlaya bilmədiyi Pakistanda Xanın devrilməsi qeyri-adi bir şey deyildi. Lakin Xan iqtidardan devrilməsində əsasən Amerikanı suçlayır. Xanın Rusiya, Çin və Əfqanıstanla bağlı müstəqil xarici siyasət yürütməsi və Amerikanın diktələrinə boyun əyməməsi Amerikanın ona qarşı çevriliş planı həyata keçirməsinə səbəb olub. Hər halda İmran Xan özü belə deyir”…

Bu mənada bügünkü Türkiyə Pakistandan daha güclüdür. 2016-cı il 15 iyul tarixində Türkiyədə dövlət çevirlişinə cəhd edildi. Çevrilişi kimlər hazırlamışdı? ABŞ+Avropa İttifaqı+ Fətullah Gülən hərəkatı+PKK… O vaxt türk xalqı bu çevrilişin qarşısını rəşadətlə aldı. Amma Türkiyədə hərbi çevriliş cəhdləri 1962, 1963, 1969 və 1971-ci illərdə baş tutmuşdu. Bütün bu çevrilişlərdə əsas rolu Amerika oynayıb. 2016-cı ildə uğursuz olan 5-ci müdaxilədən sonra Tayyib Ərdoğan Türkiyə ordusunu nəhayət ki, Amerikanın təsir dairəsindən çıxara bildi. Pakistanda isə bu hələ mümkün olmayıb…

Türkiyə strateji ölkədir. Türkiyənin yüksəlişi o deməkdir ki, türk dünyası intibah dövrünə qədəm qoyur. Türkiyənin yüksəlişi o deməkdir ki, islam dünyası Qərb imperializminin əsarətindən xilas olur. Məhz elə bu səbəbdən təkcə türk dünyası deyil, bütövlükdə islam dünyası Türkiyəni Qərb imperializmini müsəlman torpaqlarından rədd edə biləcək güc mərkəzi kimi, xilaskar kimi görür. Türkiyənin missiyası bir başqadır. Elə buna görə də Qərb mətbuatı cənab Ərdoğanı gözdən salmaq üçün min oyundan çıxır. Ancaq türklər də, müsəlmanlar da onun arxasında dayanıblar”.

Teqlər: