Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya səfəri xarici mətbuatın diqqət mərkəzində olub.
AzerTimes xəbər verir ki, Türkiyədə nəşr olunan “Yeni Şəfəq” qəzeti 30 il müddətində Azərbaycanın qədim torpağı olan Qarabağın işğalına göz yuman Avropa İttifaqının bu gün enerji böhranı ilə üz-üzə qalaraq rəsmi Bakının qapısını döyməyə başladığını yazır.
Qəzetdə qeyd olunub ki, cari ilin iyulunda Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında qaz idxalının artırılması və elektrik enerjisi verilməsi haqqında sənəd imzalanıb.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Rumıniya, Macarıstan, Gürcüstan və Azərbaycan arasındakı elektrik kabeli Qara dənizin hər iki sahilini birləşdirəcək.
Nəzərə çatdırmaq lazımdır ki, dekabrın 17-də Buxarestdə Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən Qara dənizin dibi ilə elektrik kabel çəkiləcək ki, bununla da Azərbaycan Gürcüstan vasitəsilə Macarıstan və Rumıniyaya elektrik enerjisi ötürəcək. Bu, Rusiyanın enerji daşıyıcılarından imtina edən Avropa üçün alternativ enerji mənbəyidir.
Buxarestdə keçirilən imzalama mərasimində çıxış edən Ursula fon der Leyen bəyan edib ki, yeni layihə Avropa İttifaqının Cənubi Qafqazdakı tərəfdaşları ilə əlaqələrini daha da yaxınlaşdıracaq və ekoloji cəhətdən təmiz enerjisi istehlakına keçidi asanlaşdıracaq. Avropa Komissiyasının sədri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını da qeyd edib.