Qərb Bakıya qarşı təzyiqi artırır: nə etməliyik?

Qərb Bakıya qarşı təzyiqi artırır: nə etməliyik?

Ermənistan mətbuatı “Le Fiqaro” qəzetinə istinadən Fransanın Qarabağla bağlı qətnaməni BMT Təhlükəsizlik Şurasına təqdim etməyə hazırlaşması haqqında xəbər yayıb. Kanadanın xarici işlər naziri isə Qarabağa “artsax” deyir. Yəni Qərb ölkələri bizdən əl çəkən deyil. Əksinə Azərbaycana qarşı aparılan total anti-təbliğat getdikcə daha da vüsət alır. Situasiyanı dəyişmək lazımdır. Özü də təcili şəkildə.

AzerTimes xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

Jurnalist Azərbaycanın əks-təbliğata başlamalı olduğunu vurğulayıb:

“Məncə, biz Azərbaycan olaraq bu təbliğata qarşı əks-təbliğata başlamalıyıq. Yəni müdafiədə yox, hücumda oynamalıyıq. Necə? Qarabağ ermənilərinin yaşayış məskənlərinə yaxın ərazilərdə Azərbaycan Ordusunun nəzarəti altında humanitar yardım mərkəzləri yaratmaq lazımdır. İstənilən Qarabağ ermənisi həmin mərkəzə gəlib istədiyi ərzağı və ya dərmanı ala bilər. Həmçinin stasionar tibbi mərkəzlər quraşdırılmalıdır. Ermənilərə benzin-yanacaq təklif olunmalıdır. Bu yardım Azərbaycan dövləti adından verilməlidir. Humanitar yardım eyni zamanda yük təyyarələri vasitəsi ilə paraşütlə Qarabağın ermənilər yaşayan ərazisinə səpələnməlidir. Belə əməliyyatlar dünya tarixində dəfələrlə olub. Hətta hazırda amerikanın ermənipərəst konqresmenləri də bu kimi çağırışlarda bulunurlar ki, Amerika paraşütlə Qarabağ ermənilərinə yardım dağıtsın”.

Elbəyi Həsənli göstərilən yolu ilə Qarabağdakı erməniləri bir qrup separatçının girovu olmaqdan qurtulacağını, separatçıların ideoloji cəhətdən tərk-silah ediləcəyini bildirib:

“ Ölkəmiz rəsmi şəkildə elan etməlidir ki, Azərbaycan vətəndaşı olan Qarabağ erməniləri bir ovuc separatçının girovuna çevrilib. Separatçı rejim Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə etməkdən məqsədli şəkildə imtina edir. Çünki bu yoldan istifadə Qarabağdakı separatçı rejimin süqutu deməkdir. Azərbaycan dövləti faktiki olaraq separatçıların girovuna çevrilən vətəndaşlarını azad etmək üçün belə bir əməliyyata başlayır. Və mümkün olan bütün vasitələrlə Qarabağın erməni sakinlərinin bu və ya digər ehtiyaclarının aradan qaldırılmaq üçün əməli işlər görməkdə qərarlıdır. Təxminən belə bir interpretasiyada “paraşüt diplomatiyası”na start vermək olar. Azərbaycan dövlətinin bu təklifi nəzərdən keçirəcəyini ümid edirəm. Düşməni ideoloji cəhətdən tərk-silah etmək lazımdır. Məncə, bu yolla biz istəyimizə nail ola bilərik”.

Teqlər: