5 aprel Brüssel toplantısı ilə Qərb öz tərəfini açıq şəkildə bəyan etdi. Təbii olaraq görüş və nəticələri ilk növbədə Azərbaycan və Türkiyənin diqqətində idi.
Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Diplomat qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyi tədbiri sərt şəkildə qınayaraq Azərbaycanın təcrid olunması ilə keçirilən görüşün sülhə töhfə vermək yerinə bölgəni rəqabət meydanına çevirəcəyini vurğuladı:
“Eyni zamanda bölgədən kənar dövlətlərə müəyyən addımlar atarkən mövcud vəziyyəti nəzərə almaq və tərəfsiz olmaq tövsiyəsi verildi. Cənab İlham Əliyev də öz növbəsində Mövlud Çavuşoğlunu qəbul edərkən görüşün Azərbaycanı təcrid etmək məqsədi daşıdığını və bölgədə yeni təhlükə mənbəyi yaradacağını vurğuladı. Aydındır ki, Azərbaycanın olmadığı bir Cənubi Qafqaz toplantısı xoş niyyətə, sülh və əmin-amanlığa xidmət etmir. Blinken ilə Leyenin görüşdən əvvəl İlham Əliyevə zəngi isə Azərbaycan Prezidentinin nüfuzundan xəbər verir. Çünki cənab Əliyev hər zaman şəffaf və ədalətli xarici siyasətin tərəfində olub”.
Kılıç İran və Gürcüstanın da bu prosesə etiraz etməli olduğunu bildirib:
“Bölgədə yeni bir münaqişə ocağının təməlləri atılır. Amma təəssüf ki, biz Gürcüstan və İrandan heç bir şərt reaksiya görmürük. Son illərdə rəsmi İrəvan antirusiya siyasəti izləyir. Ukrayna müharibəsi başlayandan sonra isə Paşinyan hökuməti Qərbin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açma planlarına alət olur. 30 ildən artıq müddətdə Ermənistanı bəsləyən, Zəngəzur dəhlizi reallaşmasın deyə tələm-tələsik Qafanda konsulluq açan İran ağzının içinə Qərbin hərbçi göndərməsinə imkan verir. ABŞ hərbçiləri gözlərinin önündə təlim keçirlər, amma İrandan səs çıxan yoxdur. Azərbaycan bir addım atan kimi “qırmızı xət”dən danışırlar. O “xətti” artıq qardaşları Ermənistan neçənci dəfədir ki, keçir. Bəs niyə səsləri çıxmır? İllərdir ki, Türkiyə və Azərbaycan Gürcüstanı hərtərəfli şəkildə dəstəkləyir. Fikrimcə, rəsmi Tiflis də eyni tələyə düşməməli və öz mövqeyini orta qoymalıdır”.
Keçmiş səfir Türkiyə və Azərbaycanın birlikdə Qərbin yeni müharibə planlarını puç edəcəyinə əminliyini bildirib:
“Cənubi Qafqazda mürəkkəb və çirkli oyunlar gedir. Oyun içində oyun var desək, yanılmarıq. Amma biz bu oyunları çox yaxşı görür və analiz edirik. Kirli planlar quranlar və onlara uyan Ermənistan çox yaxşı dərk etməlidir ki, heç kim bizim ağlımızla oynaya, gözümüzə kül üfürə bilməz. Brüsseldə toplantı keçirilən gün keçmiş xarici işlər nazirimiz, ölkəmizin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycanda idi. Eyni zamanda bütün müdafiə sənayesi şirkətlərimizin rəhbərləri də həmin gün Azərbaycanda idi. Yəni Türkiyə dövləti cənab Çavuşoğlunun Azərbaycana səfəri ilə bütün dünyaya qəti şəkildə öz mesajını verdi. Yəni bütün şərait və hallarda Türkiyə Azərbaycanın yanında olacaq. Paşinyanın arxasında dayanıb “qorxma-qorxma” deyənlər Ermənistanı fəlakətə sürükləyir. Cənab İlham Əliyevin də vurğuladığı kimi, əgər ehtiyac yaransa, Türkiyə və Azərbaycan tək yumruq olacaq. Heç kim qardaşlığımıza zərbə vura bilməz. Bir də vurğulamaq istəyirəm ki, bizim səbrimizi sınamaq heç kimə fayda gətirməyəcək. Azərbaycanın ayağına dəyən daşı biz ürəyimizə dəymiş kimi qəbul edərik. Hər kəs bunu belə bilməli və anlamalıdır”.