Xalça muzeyində mərhum millət vəkili Qənnirə Paşayevanın unudulmaz xatirəsinə həsr edilmiş “Qənirə Paşayeva-İthaf” bədii sərgisinin açılışı baş tutub.
AzerTimes xəbər verir ki, tədbirdə iştirak edən xalq artisti Polad Bülbüloğlu mərhum millət vəkili ilə tanışlığından və onun fəaliyyətindən danışıb:
“Qənirə xanımla ilk tanışlığımız onun gənc jurnalist olduğu dövrlərə təsadüf edir. Onun istedadı, Vətəninə böyük sevgisi hələ o vaxtlardan sezilirdi. Qənirə xanımın reportajları, hazırladığı materiallar həmişə son dərəcə obyektiv olub. Təəssüf ki, Qənirə xanım aramızdan çox tez ayrıldı. Sadəcə təsəlli ondan ibarətdir ki, Qənirə xanım özündən sonra böyük irs qoyub. Qənirə xanım bir neçə dəfə Şuşada olub. Öz təşəbbüsü ilə Bülbülün ev muzeyinə gəlmişdi. Şuşada Bülbülün xatirəsinə konsert təşkil edilmişdi. Qənirə xanım mənə dedi ki, xüsusilə, tədbirdə iştirak etmək üçün Bakıdan həmin gün gəlib. Bunu heç vaxt yaddan çıxarmıram. Allah ona rəhmət etsin”.
Mərhum millət vəkilinin əmisi, professor Qəzənfər Paşayev vəfatından bir il keçməsinə baxmayaraq, hələ də Qənirə Paşayevanın yoxluğunu dərin kədərlə hiss etdiyini vurğulayıb:
“Onun bu səviyyəyə gəlməyinə fitri istedadı, insanpərvərliyi, tükənməz enerjisi səbəb oldu. Qənirə xanımın fəaliyyəti həm dövlətimiz, həm də xalqımız tərəfindən yüksək qiymətləndirildi. O, cismən aramızda olmasa da, ruhən və mənən bizimlədir. Qəm-qüssə, kədər sevinclə bir yerdə yaranıb. Bu gün həm təəssüflənirik, həm də sevinirik. Sevinirik ki, onun əməyi dövlətimiz və xalq tərəfindən qiymətləndirildi və qiymətləndirilir. Qənirə xanım Allahın seçilmiş bəndələrindən biri idi”.
Daha sonra sərginin açılış lenti kəsilib, qonaqlar əsərlərlə tanış olublar.
Qeyd edək ki, tədbirdə Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Arca Turganer, Real TV-nin baş direktoru Mirşahin Ağayev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, millət vəkilləri Fazil Mustafa, Tənzilə Rüstəmxanlı, xalq şairi Sabir Rüstəmxanlı və bir çox siyasətçi, o cümlədən ziyalılar iştirak ediblər.
Sərgi Milli Məclisin Mədəniyyət Komitəsi, Rəssamlar İttifaqı və “HüsnART” Müstəqil Sənət Ocağının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.