Qənirə xanımın “Addım-addım Türkiyə” sənədli filmi – Foto

Qənirə xanımın “Addım-addım Türkiyə” sənədli filmi – Foto

Noyabrın 3-də mərhum deputat Qənirə Paşayevanın Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” adlı sənədli filminin təqdimatı keçirilib. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin lentə aldığı filmin rejissoru Elnurə Kazımovadır. Film işlənərkən 64 gün ərzində Türkiyənin 57 vilayətində çəkilişlər aparılıb.

AzerTimes xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, QHT rəhbərləri iştirak ediblər.

Təqdimat mərasimini açan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov keçmiş həmkarının Vətəninə, xalqına bağlı olduğunu, insanların onu çox sevdiyini və ona inandıqlarını vurğulayıb: “Qənirə Paşayeva anadan jurnalist doğulmuşdu. Sonra siyasətdə də uğur qazandı. Ünsiyyəti, səmimiyyəti, insansevərliyi onu həmişə digərlərindən fərqləndirirdi. O, çox yaradıcı insan idi və öz dövlətinə sadiq idi. Qənirə xanımı Türk dünyasında çox sevirdilər. O, bu məhəbbəti əməlləri ilə qazanmışdı”.

Qənirə Paşayevanın Türk dünyasını, türkləri çox sevdiyini diqqətə çatdıran Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı bildirib ki, Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr olunan “Addım-addım Türkiyə” sənədli filmi Türkiyənin tanıdılmasına bir töhfədir. “Qənirə Paşayeva Türk dünyasının cəsur qadını idi. O, az ömür sürsə də, üç insan ömrünə bərabər iş görərək, özündən sonra iz qoyub getdi, – deyə C.Bağçı əlavə edib.

Qənirə Paşayevanı milli təfəkkürə malik insan, jurnalist, şəxsiyyət kimi xarakterizə edən, onun təkcə Azərbaycanın deyil, bütöv Türk dünyasının övladı olduğunu deyən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onun zəhməti ilə ərsəyə gələn filmin əhəmiyyətini qeyd edib. Bildirib ki, Qənirə Paşayeva karyerasına jurnalist kimi başladığı kimi, onun jurnalist kimi son işi də çəkdiyi sənədli film oldu. AzTV-nin sədri Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” sənədli filmi ilə Qənirə Paşayevanın izləyicilərə mesajlar verdiyini vurğulayıb.

Mərhum deputatın əmisi, əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, qardaşı Hüseyn Paşayev, Milli Məclisin deputatı Arzu Nağıyev onunla bağlı xatirələrini bölüşüblər.

Filmin rejissoru Elnurə Kazımova Qənirə Paşayeva ilə birgə ərsəyə gətirdikləri ekran əsərindən danışıb. Filmin çəkilişində mərhum deputatın çox əziyyət çəkdiyini dilə gətirən rejissor Qənirə xanımın xatirəsinə ehtiram olaraq filmi davam etdirəcəyini bildirib.

Çıxışlardan sonra sənədli film nümayiş olunub.

Teqlər: