Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin nüfuzlu qeyri-hökumət təşkilatlarından olan Türk Dünyası Qadınlar Dərnəyinin “Alp Qadın” ödülünə layiq görülüb.
AzerTimes xəbər verir ki, təqdimat TÜRKSOY-da baş tutub.
Ödülü Komitə sədrinə qurumun başqanı, Qazi Universitetinin professoru Alev Çaxmaqoğlu (Kuru) təqdim edib.
Q.Paşayeva bu ödülün şərəfi qədər məsuliyyətinin də fərqində olduğunu deyib, təltif qərarı verən Türk Dünyası Qadınlar Dərnəyinin başqanlığına, şəxsən Alev xanıma könül dolusu təşəkkür edib.
Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qazi Universitenin Türk Dünyası Uyğulama və Araşdırma Mərkəzi tərəfindən bu ilin mart ayında düzənlənən “Türk dünyasında alp qadın” mövzulu beynəlxalq simpoziumun təntənəli açılış mərasimində çıxış etmişdi. Açılışa onlayn rejimdə qatılan Q.Paşayeva qardaş ölkənin nüfuzlu universitetlərindən olan Qazi Universitetinin təşkilatçılığı ilə belə bir simpoziumun təşkilini təqdirəlayiq hadisə kimi qiymətləndirmiş, şəhid xanımlarımızdan, eləcə də türk tarixində xüsusi rolu olan qadınlardan – Xurşidbanu Natəvan, Nənə Xatun, Şükriyyə xanım və Sürəyya Ağaoğlundan söz açıb, onları çağdaş Türk dünyası qızları üçün örnək adlandırmışdı.