“Fireland group”un təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində “Gələcəyin qəhrəmanları” adlı növbəti tədbir “Şahdağ” Turizm Mərkəzində təşkil olunub. Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə 200-dən artıq şəhid övladı üç gün ərzində “Şahdağ” Turizm Mərkəzində maraqlı vaxt keçirib.
Tədbir qəhrəman şəhid övladlarının ifasında sözləri Xanım İsmayılqızına, musiqisi Cəlal Qurbanova məxsus “Mənim atam Qəhrəmandır” mahnısı ilə başlayıb. Rəsmi hissədə Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimovun anası Lalə xanımın, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanımın çıxışları və övladları haqqında danışdıqları maraqlı xatirələr uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Vətən uğrunda canını qurban verən igid övladı ilə hər zaman qürur duyduğunu bildirən, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını ifadə edən Lalə ana göz yaşları içində, çox gənc yaşlarında şəhid olmuş Cavanşirdən ona yadigar qalmasa da, o, oğlunun qisasını alan bütün şəhid övladlarını özünə nəvə bildiyini bildirib.
Daha sonra çıxış edən Səmayə ana bu tədbirin təşkilində göstərdiyi köməyə görə, tədbirə gələrkən daim şəhid övladlarını yollarda müşayiət edərək onlara öz sevgilərini bildirdiklərinə görə başda Vilayət Abbasov olmaqla Daxili İşlər Nazirliyinin əməkdaşlarına və eləcə də, şəhid övladlarını daim öz övladı kimi bağrına basan, onlar üçün əlindən gələni əsirgəməyən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə öz dərin təşəkkürünü bildirib. Səmayə ana Polad Həşimovla bağlı maraqlı xatirələrini bölüşüb, şəhid balalarının Milli Qəhrəmanımız barədə suallarını cavablandırıb.
Sonra söz “Fireland group”un rəhbəri, AYB-nin üzvü Cəlal Qurbanova verilib. O, şəhid ailələrinin dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə edildiyini, igid qəhrəmanlarımızın bizə əmanət qoyduqları balalara mərhəmətlə yanaşmağın hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olduğunu bildirib. Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin böyük həssaslıq və sevgiylə yanaşdığı şəhid ailələrinin hamımızın əzizi, doğması olduğunu deyən C.Qurbanov vurğulayıb ki, xalqımızın da hər zaman qəhrəmanlarımızın ailələrinin yanındadır: “Cənab Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğı həm sadə vətəndaşlar, həm də dövlət məmurları üçün əsl örnəkdir. Bu yaxınlarda Xankəndində Cənab Prezidentin şəhid övladları ilə qurduğu səmimi ünsiyyət dövlətimizin bütün şəhid ailələrinə qarşı böyük sevgisinin təzahürü idi. Bu mənzərə şəhid əmanətlərinin etibarlı əllərdə olduğunu bir daha sübut etdi.Siz Vətənimizin müstəqilliyi uğrunda canından keçmiş igid oğullarımızın bizə əmanətisiniz. Vətən hamımız üçün anadır! Amma mən deyərdim ki, Vətən bütün şəhid övladları üçün həm ana, həm də atadır. Sizin hər biriniz Azərbaycan uğrunda canını fəda etmiş qəhrəmanların qanını daşıyır, Vətəni atalarınız kimi sevir, atalarınız kimi də qoruyacaqsınız. Mən buna əminəm”.
Çıxışı zamanı Cəlal Qurbanov şəhidlərimizin ruhunu şad etməyin, onların yadigarlarını sevindirməyin hər birimiz üçün ən birinci vəzifə olmalı olduğunu bildirərək, cənab Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, şəhid ailələrinə diqqətin dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının da borcu olduğunu deyib: “Qürurverici haldır ki, dövlətin prioriteti olan bu məsələyə münasibətdə cəmiyyət də həmrəydir.“Fireland group”un keçirdiyi tədbirlərin təşkilinə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, o cümlədən, digər dövlət qurumlarının, ictimaiyyət və incəsənət nümayəndələri tərəfindən dəstək göstərilməsi bunu bir daha sübut edir. Eləcə də, Dövlət Turizm Agentliyi 3 ildən artıqdır ki, şəhid balalarının Azərbaycanın ən gözəl məkanlarda istirahətlərini təmin etməkdə bizə yardımçı olur. Heydər Əliyev Fondu və onun icraçı direktoru Anar Ələkbərov hər zaman şəhid əmanətlərini diqqət mərkəzində saxlayır, onların qayğılarının həllinə xüsusi həssaslıqla yanaşır”.
Daha sonra söz Turizm Agentliyinin sədri Fuad Nağıyevə verilib. O, qəhrəman şəhid balalarının arzularının gerçəkləşdirilməsinə, asudə vaxtlarının səmərəli təşkilinə həsr olunmuş bu cür əhəmiyyətli tədbirin təşkilində iştirak etdiyi üçün qürur duyduğunu qeyd edib: “44 günlük Vətən müharibəsində xalqımıza böyük Zəfər sevinci yaşatmış şəhidlərimizin övladları bizə əmanətdir. Onların qayğısına qalmaq hər birimizin müqəddəs borcudur. Artıq üç ildən artıqdır ki, Dövlət Turizm Agentliyi “Fireland group”un “Mənim atam Qəhrəmandır” layihəsinin təşkilində yaxından iştirak edir. Bu, bizim üçün qürurvericidir. Onların asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşünün formalaşması, müxtəlif sahələr üzrə bilik və bacarıqlarının yaranmasına müsbət təsir göstərən bu cür tədbirlərin keçirilməsində iştirak etməyə hər zaman hazırıq. İnanıram ki, birgə keçirdiyimiz bu üç gün sizin yaddaşınızda unudulmaz xoş xatirə kimi daima yaşayacaq. Sonda hər birinizə maraqlı istirahət arulayıram”.
Qeyd edək ki, tədbirin gedişi zamanı Müdafiə Nazirliyinin əməkdaşı polkovnik-leytenant Rüfət Məmmədov, Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şahdağ Turizm Mərkəzinin əməkdaşı Rüstəm Nəcəfli və digər qonaqlar da çıxış edib, qəhrəman şəhid balalarının arzularının gerçəkləşdirilməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə həsr olunmuş bu cür əhəmiyyətli tədbirin təşkilində iştirak etmələrindən qürur duyduqlarını bildiriblər.
Daha sonra layihəyə dəstək verən gənc şair Şəhriyar del Geraninin tədbir zamanı səsləndirdiyi yeni şeirləri uşaqlar tərəfindən maraqla dinlənilib.
Tədbir konsert proqramları ilə davam edib. Şəhid övladlarının “Şuşam” xorunun solistləri ilə birgə musiqisi Eldar Mansuraova, sözləri Cəlal Qurbanova aid Tural Məmmədlinin yeni oranjemanda səsləndirdikləri Prezidentliyə namizəd İlham Əliyevə həsr olunmuş “Səninlədir yolumuz!” mahnısı böyük maraqla qarşılanıb. İfanın ərsəyə gəlməsində “Şuşam” xorunun bədii rəhbəri və dirijoru əməkdar müəllim Təranə Yusifovanın böyük əməyi olub.
Sonra tələbələrdən qəhrəman şəhidimiz Azər Şəmilovun övladı Aynurə Şəmilova çıxış edərək, qəhrəman övladlarının bu mahnı ilə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə öz dəstəklərini nümayiş etdirdiklərini bildirib. Vətəninə, dövlətinə firavan gələcək arzu edən hər kəsi Ali Baş Komandana səs verməyə çağıran Aynurə Şəmilova bildurib ki, fevralın 7-də Azərbaycan xalqı təkcə Prezident seçməyəcək, həm də bir xalq olaraq qazandığı ən böyük Zəfərinin əbədiliyini təsdiq edəcək. Şəhid övladınln çağırışına qoşulan antiterror əməliyyatlarında şəhid olmuş Rasim Məmmədovun anası Xuraman Məmmədova da hər kəsi öz səsini 30 ildən sonra dövlətimizin ərazi bütövlüyünü bərpa etmiş, zədələnmiş milli qürurumuzu dirçəltmiş, xalqımıza Böyük Zəfərin sevincini yaşatmış Müzəffər Ali Baş Komandana verməyə səsləyib.
Konsert proqramı gənclərin sevimlisi Murad Arif, Rəsul Əfəndiyev, Nadir Rüstəmlinin, gənc ifaçılar Orxan Hüseynov, Aslan Abdullayevin, “Şuşam” xorunun kollektivinin və “Merry Band” qrupunun rəngarəng çıxışları ilə davam edib.
Nahardan sonra 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütovlüyü və müstəqilliyi uğrunda canlarını qurban vermiş qəhrəmanların bizlərə əmanəti olan övladları layihə çərçivəsində maraqlı vaxt keçirib, müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə edib, xizəksürmə vərdişinə yiyələnib, həmçinin əyləncəli proqramlar izləyiblər.
Qeyd edək ki, tədbir çərçivəsində Müasir Psixologiya Mərkəzinin psixoloqu GülşənAbbasova qəhrəman övladları ilə uşaqlarda diqqətin yoxlanılması ilə bağlı İQ testi keçirib.Eyni zamanda Geştalt terapiya, yoqa və meditasiya üzrə mütəxəssisi Nərgiz Əliyeva şəhid xanımlarına 2 gün Geştal terapiya təlimləri keçib. Onlarla nəfəs praktikaları, meditasiya, sadhu terapiya və geştalt terapiya üzrə təlimlər aparılıb.
Layihə çərçivəsində yaradıcı heyət dəniz səviyyəsindən 2351 metr yüksəklikdə şəhid övladlarının “Şuşam” xorunun solistləri ilə birgə ifa etdikləri “Səninlədir yolumuz!” musiqi kompozisiyasının klip çəkilişlərini də həyata keçirib.
Tədirin sonuncu günü nahar yeməyindən sonra iştirakçılar Bakıya yola düşüblər.
“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində keçirilən digər tədbirlər kimi, Şahdağ Turizm Mərkəzinə təşkil olunmuş ekskursiya da şəhid balalarının xatirəsində dərin iz qoyub.
Xatırladaq ki, artıq 3 ildən çoxdur ki, “Fireland group”un “Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihələri çərçivəsində 2800-dən artıq şəhid əmanəti 40-dan artıq tədbirdə iştirak edib. Həmin tədbirlər Heydər Əliyev Mərkəzi, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Dreamland Golff Club, İçərişəhər Dövlət Qoruğu, Şahdağ Turizm Mərkəzi kimi maraqlı məkanlarda keçirilib.